İraqda İŞİD-in bir neçə qruplaşmasının başçısı məhv edilib

İŞİD terror təşkilatının qruplaşma başçılarından biri İraqda məhv edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin komandanının mətbuat katibi Yəhya Rəsul “Twitter“ səhifəsində bildirib.

O qeyd edib ki, söhbət “Əbu İsa” ləqəbi ilə tanınan Hüseyn Məhəmməd Casim əl-İsavidən gedir. O, İraqın təhlükəsizlik qüvvələri tərəfindən bu gün həyata keçirilən əməliyyat nəticəsində ölkənin Anbar əyalətində məhv edilib.

“Terrorizmlə mübarizə idarəsinin xüsusi təyinatlıları bu gün “Əbu İsa”nı məhv edib. O, Anbar vilayətinin mərkəzi olan Ramadi şəhərindəki partlayışlara görə günahlandırılırdı. Xüsusi əməliyyat zamanı terrorçu özünü partladaraq hərbçiləri öldürmək istəsə də, cəhdin qarşısı alınıb” – deyə əlavə olunub.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ilin yayında İraq ərazisinin 1/3-ni işğal edib. Həmin ilin iyun ayında ölkənin ikinci ən böyük şəhəri Mosulu ələ keçirərək paytaxt elan etmişdilər. İraq hökumətinin silahlı qüvvələri isə 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə işğal olunmuş ərazilərin azad olunması üçün genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. 2017-ci ilin dekabrında isə İŞİD terror təşkilatının tamamilə məhv edilməsi elan edilib.