İran Beynəlxalq Atom Agentliyi ilə danışıqlar üçün Vyanaya nümayəndə heyəti göndərir

“Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqların başlanması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı yaxın günlərdə Tehrandan Vyanaya nümayəndə heyəti göndəriləcək.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

Hüseyn Əmir Abdullahiyan Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad ilə birgə mətbuat konfransında deyib: Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqların başlanması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı Tehrandan bir heyət yaxın günlərdə Vyanaya göndəriləcək.

O, əlavə edib: Cənab İslami və Rafael Qrossi arasında bununla bağlı razılaşma var və biz ümid edirik ki, agentlik texniki baxımdan tədbirlər görəcək və son günlərdə razılaşdığımız şeylərə əsaslanaraq, irəli sürdüyü ittihamların bir qismini həll edəcək.

İranın xarici işlər naziri deyib: Bir neçə dəqiqədən sonra mənim Avropa İttifaqının xarici siyasətinə cavabdeh olan cənab Jozep Borrelllə telefon danışığım olacaq.

Qeyd edək ki, son aylarda ABŞ və İsrail tərəfinin verdiyi “materiallara” əsasən Beynəlxalq Atom Enerjisi Agentliyi İranda nüvə obyekti kimi elan edilməyən üç yerdə uran qalıqlarının aşkarlandığını iddia etməyə başlayıb. Bundan sonra İran BAEA-nin fəaliyyətini texniki deyil, siyasi amillər fonunda apardığını bildirib.