İran Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədovun bu ölkədə saxlanılması barədə xəbərləri təsdiqləmir

Günlərdir mediada İranın Qum şəhərində saxlanıldıqları xəbəri yayılan Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədov İranın Xüsusi Xidmət orqanları tərəfindən dindirildikdən sonra azad buraxılıb. Bu barədə sosial media üzərindən çıxış edən Orxan Məmmədov özü məlumat verib. O, arada yaranan anlaşılmazlıqlara aydınlıq gətirildiyini və hər şeyin yaxşılıqla bitdiyini bildirib. Turanın məlumatına görə IRNA agentliyi İranın xüsusi xidmət orqanlarına istinadən bildirib ki, Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs edilməsi həqiqətəuyğun deyil. Eyni zamanda, mənbə əlavə edib ki, araşdırma aparılır və sözügedən şəxslərə nəzarət tətbiq edilib.

Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. “Hüseyniyyun” təşkilatının üzvü olan həmin şəxslər Azərbaycanda "Kərimə dövləti" qurmaq çağırışı ilə müntəzəm olaraq sosial şəbəkələrdə çıxış ediblər. Bu şəxslər də daxil olmaqla İranda yaşayan və Azərbaycan dövləti tərəfindən axtarışda olan bir neçə şəxsin ölkəmizə qaytarılması ilə bağlı Azərbaycan və İran arasında mütəmadı danışıqlar olub. Rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq İran tərəfindən Azərbaycanın istəklərinə müsbət cavab verilməyib. Bir neçə gün öncə saxlanılma xəbəri dolaşan Tohid İbrahimbəyli və Orxan Məmmədovun da Azərbaycana veriləcəyi ilə bağlı geniş fikirlər tirajlansa da, sonunda bu xəbər də həqiqəti əks etdirməyib.

Lakin Azərbaycan tərəfi onların qaytarılmasına israrlıdır. Bunu hətta ölkə rəhbərliyi səviyyəsində iki dövlət arasında münasibətlərin davamında əsas amil olaraq da qiymətləndirilir. Mayın 3-də Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda  beynəlxalq konfransda çıxış edən prezident İlham Əliyev bu mövzuya toxunaraq “Bakının İranda sığınacaq tapan azərbaycanlı terrorçuların ekstradisiyasını tələb etdiyini” demişdi. O, işarə edərək bildirmişdi ki, əgər Bakının tələblərinə əməl olunmasa, Tehranla münasibətlər normallaşmayacaq. "Onlar bunu nə qədər tez başa düşsələr, normallaşma bir o qədər tez olacaq", - deyə o bildirmişdi.