İordaniya, Fələstin və HƏMAS İsrail təhlükəsizlik nazirinin əl-Əqsa məscidinə girməsinə dair xəbərdarlıq ediblər

 İordaniya və Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi, eləcə də HƏMAS və sair hərəkatlar İsrailin təhlükəsizlik nazirinin əl-Əqsa məscidinə girməsinin təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İordaniyanın Xarici İşlər Nazirliyi az öncə İsrailin təhlükəsizlik nazirinin əl-Əqsa məscidinə girməsini kəskin pisləyib və onun təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Fələstinin Xarici İşlər Nazirliyi bəyanat yayaraq baş verən biləcək gərginliklərdə və qarşıdurmalarda məsuliyyətin İsrailin üzərində olduğunu bildirib.

HƏMAS və “İslami Cihad” hərəkatları da bəyanat verərək, fələstinlilərə çağırış ediblər.

Qeyd edək ki, Benyamin Netanyahunun formalaşdırdığı hökumətdə daxili təhlükəsizlik naziri postuna yiyələnmiş İtmar ben Qvir polis və hərbi qüvvələrin müşayiəti ilə bu səhər Qüdsdə əl-Əqsa məscidi kompleksinə basqın edib.

Bundan öncə İsrailin prezidenti və sair yüksək rəsmilər ultra-sağçı “Otzma Yehudit” (Yəhudi Əzəməti) partiyasının liderinin bu mümkün addımı barədə xəbərdarlıq etmişdilər.

Qeyd edək ki, İsrailin sabiq baş naziri Ariel Şaronun oxşar addımı 2000-ci illərin əvvəlində fələstinlilərin ikinci İntifada Hərəkatını alovlandırmışdı.