İmran Xanın Partiyası Şiə partiyası ilə ittifaq yolundadır

Pakistanda həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatı (PTI) Milli Assambleya və əyalət məclislərində hökumət qurmaq üçün iki siyasi partiya ilə ittifaq quracaq.

PTI sözçüsü Rauf Həsən, paytaxt İslamabadda verdiyi açıqlamada, PTI-nin dəstəklədiyi müstəqil millət vəkillərinin ölkədəki şiələrin siyasi qrupu olan Müsəlman Birliyi Parlament Partiyası (MVMP) ilə Milli Məclis və Pəncab Assambleyasında və Xeybər Paxtunxva Məclisində Cəmaətul-İslami Partiyası ilə ittifaq quracaqlarını söyləyib.

Həsən bildirib ki, bu qərar İmran Xanın göstərişlərinə uyğun olaraq qəbul edilib. MVMP Milli Assambleyada 1, Cəmaətul-İslami isə Xeybər Paxtunxva Assambleyasında 3 yerə malikdir.

Geo News televiziyasında yer alan xəbərə görə, PTI sədri Göhər Xan onu müşayiət edən nümayəndə heyəti ilə Ravalpindidəki Adiala həbsxanasında saxlanılan İmran Xanla görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən Göhər Xan, İmran Xanın koalisiya üçün PML-N, PPP və MQM-P ilə ittifaq istəmədiyini açıqlayıb.

PTI-nin hələ baş nazir kreslosu üçün bir ad təyin etmədiyinə diqqət çəkən Göhər Xan, müxtəlif şəhərlərdə məhkəmələrdə seçki nəticələrinə etiraz etdiklərini və Konstitusiya Məhkəməsinə də etiraz edəcəklərini qeyd edib.

PTİ seçkilərdə birinci partiya kimi meydana çıxsa da, bir çox dairələrdə səslərin oğurlandığını və bu səslərin rəqib partiyaların namizədlərinə keçdiyini iddia edir.