Hüquq müdafiəçisinin saxlandığı deyilir

Hüquq müdafiəçisi Elşən Həsənov bu gün, martı 6-ı səhər polisə çağırılıb. 
 
Bu barədə Turan-a fəalın həyat yoldaşı bildirib. Onun sözlərinə görə, saat 9:30-a yaxın o, telefon edərək polisdə olduğunu bildirib. Lakin hansı idarədə və ya polis bölməsində olduğunu deyə bilməyib. Bundan sonra E.Həsənovun mobil telefonu cavab vermir.
 
Həyat yoldaşı güman edir ki, E.Həsənov Sabunçu Rayon Polis İdarəsindədir, çünki həmin rayonun ərazisində yaşayır.
 
İki gün öncə E.Həsənovun koordinatoru olduğu Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını elan edib, saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində işgəncələr barədə sənədi açıqlayıb.
 
E.Həsənov bundan öncə 2011-ci il aprelin 2-də etiraz aksiyasında iştirak etdiyinə görə 2 il azadlıqdan məhrum edilmişdi.
 
DİN mətbuat xidmətindən Turan agentliyinə bildiriblər ki, məsələ ilə bağlı məlumat yoxdur. Sabunçu Rayon Polis İdarəsində isə E.Həsənovun orada olmadığını bildiriblər.