Human Rights Watch İsraili müharibə cinayətləri və etnik təmizləmədə ittiham edib

Qəzza və Livanda döyüşlərin davam etdiyi bir vaxt Human Rights Watch təşkilatı İsraili müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham edən hesabat yayıb.

Hesabatda qeyd edilir ki, mülki insanları dəfələrlə didərgin salan və köçürən İsrail rəsmiləri “zorla köçürmə müharibə cinayəti törədirlər” və bu hərəkətlər fələstinlilərin geri dönə bilməyəcəyi ərazilərdə “etnik təmizləmə tərifinə də uyğun gəlir”.

"Human Rights Watch aşkar edib ki, məcburi köçkünlük geniş yayılıb və sübutlar bunun sistematik və dövlət siyasətinin bir hissəsi olduğunu göstərir. Bu kimi əməllər həm də insanlığa qarşı cinayətlər deməkdir", hesabatda deyilir.

İsrail ordusu və ya Xarici İşlər Nazirliyi hesabtla bağlı hələ şərh verilməyib.

İsrail hakimiyyəti əvvəllər hərbi əməliyyatlarının beynəlxalq qanunlara uyğun olduğunu bildirib. Silahlı qarşıdurma qanunu mülki əhalinin təhlükəsizliyi və ya imperativ hərbi səbəblər üçün zərurət olmadıqda, işğal olunmuş ərazilərdən mülki əhalinin zorla köçürülməsini qadağan edir.

İsrail bildirib ki, köçkünlər mülki əhalinin təhlükəsizliyini təmin etmək və ya hərbi məqsədlərə nail olmaq üçün zəruridir.

"İsrail hökuməti fələstinliləri qaçış yolları boyunca öldürəndə, təhlükəsiz zonalar adlanan yerləri bombalayanda və qida, su və kanalizasiya sistemini kəsəndə onların təhlükəsizliyini təmin etdiyini iddia edə bilməz" - deyə, Human Rights Watch-un tədqiqatçısı Nadia Hardman bildirib.

“İsrail fələstinlilərin evlərinə qayıtmasını təmin etmək öhdəliyini açıq şəkildə pozaraq, geniş ərazilərdə faktiki olaraq hər şeyi yerlə-yeksan edib”, o əlavə edib.

Hardman qeyd edib ki, hesabatın nəticələri 2024-cü ilin avqust ayına qədər köçürülmüş qəzzalılarla müsahibələr, peyk görüntüləri və ictimai hesabatlara əsaslanır.

Fələstinli həkimlərin bildirdiyinə görə, İsrailin Qəzzanın şimalında bir evə hücumu zamanı üçü uşaq olmaqla, azı altı nəfər həlak olub.

Agence France-Presse xəbər verir ki, İsrail Hizbullah qalasının bəzi hissələrini boşaltmaq barədə xəbərdarlığından sonra cümə axşamı Beyrutun cənub ətrafına hava zərbəsi endirilib. Zərbədən bir qədər əvvəl İsrail sakinlərə evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq etmişdi.

 

AmerikanınSəsi