Hərəkət imkanları məhdudlaşan məhkum müalicə mərkəzinə göndərilmir

Mirsultan Bağırovun səhhətində olan problemlərdən Penitensiar Xidmət rəhbərliyi xəbərdardır. O, iyulun 2-də 1 saylı İstintaq Təcridxanasında olduğu zaman müayinə olunub. Rentgen göstəricilərinə əsasən onun diz qapaq nahiyyəsində yad cisim, şüşə qalıqları müəyyən edilib. Hətta təcridxana həkimləri onun əməliyyat olunaraq şüşə parçasının ayağından çıxarılması barəsində qərar da veriblər.

İyulun 6-da Mirsultanın Umbakıya köçürülməsi bu işin sona çatmasına maniə olub. İş alıb Umbakıya köçürülən inanclı köçürüldüyü müəssisədə də eyni problemləri yaşamağa başlayıb. Məsələ ilə bağlı müəssisə rəhbərliyi Rauf Nəbiyev də məlumatlandırılıb. Orada olan həkimlərin müayinəsi də öncəki diaqnozu təsdiqləyib.

Lakin bununla belə M. Bağırovun Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülmə işi hər dəfə bir bəhanə ilə yubadılır. Nəticədə isə inanclının hərəkəti, xüsusi olaraq diz qapağına yaxın ərazidə şüşə qırıntısının mövcudluğu dəhşətli ağrılara yol açıb.

Uşaq yaşlarında ayağından zədə alan Mirsultanın sonrakı illərdə bununla bağlı ciddi problemləri olmayıb. Həbs dövründə müəsisələrdə sərt şərait problemin aktivləşməsinə yol açıb. Hal-hazırda isə məsələ onun hərəkət imkanlarına ciddi maniə yaradır.

M. Bağırovun bildirdiyinə görə məsələ ilə bağlı müəssisə rəhbərliyi onun köçürüləcəyini və əməliyyatın zəruri olduğunu bildirib. Lakin bu köçürmənin haçan gerçəkləşəcəyi hələ ki, bəlli deyil. Vaxt uzandıqca isə seyyid Mirsultanın səhhəti ilə bağlı problem daha ciddi hal alır.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Bağırov Mirsultan Əlimir oğlu 11 yanvar 2024-cü ildə saxlanılıb. Narkotik ittihamı ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.