Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər.
Agentlikdən verilən məlumata görə, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.
"Fitosanitar nəzarəti haqqında” qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir.
Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.
Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartof geri qaytarıldı
Oxşar xəbərlər