Gürcüstanda ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində "Agile Spirit 2023" çoxmillətli hərbi təlim keçiriləcək

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Gürcüstan Müdafiə Qüvvələri ABŞ-ın Avropa və Afrikadakı komandanlığı ilə birlikdə gələn ilin yayında keçiriləcək "Agile Spirit 2023"çoxmillətli təlimlərinə hazırlığa başlayıb. Bu təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edir.

Gürcüstan Müdafiə Nazirliyinin noyabrın 1-də yaydığı məlumatda deyilir ki, bu, Gürcüstan Müdafiə Qüvvələrinin, ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığının birgə rəhbərlik etdiyi iki ildən bir keçirilən çoxmillətli təlimdir. Təlimlərdə adətən müttəfiq və tərəfdaş qüvvələrin hərbi qulluqçuları iştirak edir. Bunlara Gürcüstan, Azərbaycan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, və İtaliya daxildir.

Təlimə hazırlıq konfransı Gürcüstanda bir həftə davam edəcək. Gürcüstan və ABŞ hərbçiləri təlimlərin dəqiq tarixini, manevrlərin ərazisini və onlarda iştirak edəcək ölkələrin sayını təyin edəcək.

Agile Spirit təlimləri 2011-ci ildən keçirilir və Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının tərkib hissələrindən biridir. Bu manevrlər çərçivəsində hərbçilər beynəlxalq sülhməramlı missiyalarda iştirak etmək üçün hazırlanır.

Agile Spirit təlimlərinin məqsədləri bölmələrin hazırlığını saxlamaq və artırmaq, quru qoşunlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.

Sonuncu dəfə Agile Spirit təlimləri Gürcüstanda 2021-ci ildə iyul-avqust aylarında keçirilib. Təlimə Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Polşa, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Estoniyadan 2,5 mindən çox hərbi qulluqçu cəlb olunub. Təlimlər Senaki, Orfolo və Vazianidəki poliqonlarda keçirilib.