Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən “Toplum TV” əməkdaşı Fərid İsmayılov məhkəmə heyətinin tərkibinə etiraz edib.

“Azər bəy, ya siz bu cinayət işinin materialları ilə tanış deyilsiniz, ya da bu işdə özünüz də maraqlısınız. Çünki tanış olsaydınız, o kağızları müstəntiqlərin başına çırpardınız. Cinayət işində yazılıb ki, Fərid İsmayılov mütəşəkkil dəstədə jurnalist kimi fəaliyyət göstərib. Bunu mən demirəm, müstəntiqlər deyir. Sonra yazılır ki, hərbi xidmətdə olduğum dövrdə qaçaqmalçılıq etmişəm. Çağırın müdafiə naziri Zakir Həsənovu, cavab versin ki, hara baxırdı?”, - o qeyd edib. Məhkəmə onun etirazını təmin etməyib. Daha sonra prosesdə hal şahidi kimi tanınan şəxslərin dindirilməsinə başlanıb. 

Kamal adlı hal şahidi ifadəsində F.İsmayılovun evində axtarış aparılan gün ərazidəki evlərdən birinə qonaq getdiyini, yolda polislər tərəfindən axtarışa şahidlik etmək üçün dəvət olunduğunu deyib. O, axtarış zamanı polislərin ev sahibinə məxsus külli miqdarda pul vəsaiti tapdığını iddia edib. 

F.İsmayılov şahiddən ev sahibinin kim olduğunu necə müəyyənləşdirdiyini soruşub, o isə bu suala cavab verməkdə çətinlik çəkib. 

Jurnalist sonra şahiddən evdəki otaqlardan birinin qapısının necə açıldığını soruşub. Kamal adlı şahid F.İsmayılovun ev yoldaşının qapını açarla açdığını bildirib. F.İsmayılov isə qapının polislər tərəfindən sındırılaraq açıldığını və bunun “Azadlıq Radiosu”nun yayımında nümayiş etdirildiyini deyib. 

F.İsmayılov hakimə bildirib ki, evində axtarış zamanı iki hal şahidi gətirilib və Kamal adlı şəxs onların heç birinə oxşamır. 

Daha sonra Rahim adlı hal şahidi dindirilib. O, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı İlkin Əmrahovun evindəki axtarışda iştirak etdiyini, polisin bu evdən xarici valyutada pul vəsaiti tapdığını iddia edib. 

Vəkil Fuad Ağayevin sualına cavab olaraq şahid axtarış barədə protokolu oxumadan imzaladığını deyib. O əlavə edib ki, orta məktəb təhsilinə 8-ci sinifdən sonra davam etməyib və oxumaq qabiliyyəti zəifdir. 

Vəkil Zibeydə Sadıqova şahidə polislərin ona yaxınlaşma və evə gətirilmə anları barədə suallar verib. Bu zaman A.Tağıyev müdaxilə edərək sualları “mənasız” adlandırıb və vəkillə mübahisə edib. 

İ.Əmrahov axtarış zamanı polislərin ondan pulları saymasını tələb etdiyini, əks halda babasını həbs edəcəkləri ilə hədələdiklərini xatırladıb. Şahid isə bunu təsdiqləməkdən imtina edib. 

Daha sonra təqsirləndirilən şəxslərdən IDI-nin rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov şahidə suallar verib.

A.Tağıyev vaxt azlığını əsas gətirərək dindirməni dayandırmaq istəyib, bu zaman onunla A.Qurbanov arasında mübahisə yaranıb:

Hakim: “Sizin işin mahiyyəti ilə əlaqəsi olmayan suallarınıza görə digər şahidlərə vaxt qalmır”.

A.Qurbanov: “Mahiyyəti olmadığını haradan bilirsiniz? Mən də bu işə görə ittiham olunuram”.

Hakim: “Səsinizi aşağı salın!”. 

A.Qurbanov: “Niyə aşağı salmalıyam? Mənim danışıq tonum belədir”

Sonra hal şahidi kimi Coşqun adlı şəxs dindirilib. O, IDI əməkdaşı Əli Zeynalın evindəki axtarışda iştirak etdiyini və evdən xarici valyutalarda pullar tapıldığını deyib. 

Ə.Zeynal şahidə evin dizaynı, axtarışın videoçəkilişi, tapıldığı iddia olunan pulların məbləği ilə bağlı suallar verib. Lakin şahid sualların əksəriyyətinə “yadımda qalmayıb” deyə cavab verib.

Növbəti məhkəmə prosesi aprelin 20-ə təyin olunub. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.