Dünyada nə qədər adam internetdən istifadə edir? - Statistika

“Hootsuite” və “We Are Social” adlı təşkilatlar internetin dünya üzrə inkişafı barəsində ətraflı hesabat tərtib ediblər.

Technote-yə istinadən xəbər verilir ki, hesabatda bu il milyonlarla insanın ilk dəfə olaraq internetdən istifadə etməyə başladığı qeyd olunub.

Həmin insanların arasında internetə mobil cihazlar ilə daxil olanların sayı üstünlük təşkil edir.

Bu aya olan göstəricilərə əsasən bütün dünya üzrə 4,2 milyard internet istifadəçisi var. Bu, Yer kürəsinin əhalisinin yarısından və keçən ilki göstəricidən 7% çoxdur.

Bundan başqa, 3,4 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir, 5,1 milyarddan çox insanın isə mobil cihazları var. Onların arasında smartfonlara sahib olanları üstünlük təşkil edir.

Keçən ilin sentyabrından bu ilin oktyabrına kimi internetdən ilk dəfə 284 milyon yeni insan istifadə etməyə başlayıb. Sosial şəbəkələrdəki istifadəçi hesablarının sayı da sürətlə artmağa davam edir. Belə ki, qeyd edilən aralıqda 320 milyon insan özünə sosial şəbəkə hesabı yaradıb.

Mobil cihazların üzərinə hələ də bütün dünya üzrə internet trafikinin yarısından çoxu düşür. Lakin stolüstü kompüter və noutbooklar tərəfindən əldə olunan trafikin göstəricisi də 2% artıb. Planşetlər və digər cihazlarda bu göstərici aşağı düşməkdə davam edir.

"Ookla" şirkətinin məlumatına əsasən ən sürətli interneti olan ölkələr reytinqində Sinqapur birinci yerdə qərarlaşır. Bu ölkədə internetin sürəti saniyədə 189 Mbit-dir. Norveç isə ən sürətli mobil internetə sahibdir (saniyədə 63.13 Mbit).

Bütün dünya üzrə internet istifadəçilərinin 42%-nin fikrincə onların məlumatları düzgün şəkildə istifadə olunmur. Bir sözlə onlar öz məlumatlarının konfidensiallığı barəsində narahatdırlar.

Bütün qalmaqallara baxmayaraq Feysbuk dünyanın ən məşhur sosial şəbəkəsi olaraq qalır. Bu sosial şəbəkə 2.2 milyarddan çox aktiv istifadəçi kütləsinə sahibdir. Top-20 reytinqdə sonuncu yeri isə 200 milyon istifadəçi kütləsinə sahib Teleqram messenceri tutub.