“Dövlətdən kənar dövlət” – 17 saylı Cəzaçəkmə Müəssisəsindən məhbusların ifşası: “400 inanclı, yer problemi, rüşvət və sovet dövründən qalma çarpayılar” 1-ci hissə

 
Müəssisədə saxlanılan məhbuslar adından yayılan bu silsilə yazıda 17 saylı Cəzaçəkmə Müəssisəsindəki (C.Ç.M.) qanunsuzluqlar, özbaşınalıqlar və qeyri-insani rəftarlar ifşa olunur. Xatırladırıq ki, bu müəssisədə 400-dən artıq şərlənmiş inanclı saxlanılır.
Yer problemi
Hal-hazırda 17 saylı C.Ç.M.-nə çevrilmiş bu həbsxana – əvvəllər 2 saylı C.Ç.M.-nin istehsalat sexi olub – digər həbsxanalardan olduqca şəraitsiz və kiçik olması ilə fərqlənir. Yarımqapalı və korpus rejimli olduğu üçün 400-dən artıq dindarın bir-birindən xəbərsiz saxlanılması zalim rejim üçün əlverişli hesab olunur.
Köhnə sex təmir edilmədən olduğu kimi saxlanılıb – sadəcə yataqlar qoyulub. Dünyanın heç bir həbsxana standartına cavab verməyən bu məkan həm də olduqca sıxdır. Təxminən 700 nəfərlik tutumu olan yerdə 1000-dən artıq məhkum cəmləşib. Normadan artıq məhkum olması bir çoxlarının yataqdan məhrum olması ilə nəticələnir. Beton döşəmənin üzərində yatan şəxslər aylarla yer növbəsi gözləməli olur.
Növbəsi çatanların isə yataq üçün pulu olmadığından yeri əldə etmələri mümkünsüz hala gəlir. Digər dustaqlardan rüşvət alaraq onlar yerlə təmin olunur. Maddi vəziyyəti çətin olan dustaqlar bəzən aylarla yerdə yatmağa məcbur olur.
Sovet dövründən qalma sınıq-salxaq çarpayılar nəfəs aldıqda belə cırıldayır, torları insanın belini dağıdır. Onları düzəltmək üçün edilən müraciətlərə aylarla baxılmır. Müəyyən məbləğ ödənildikdən sonra problem qismən həll olunur. Lakin bu, 4 nəfərlik kupelərdə 5 və daha artıq şəxsin qalması məhdudiyyətinə təsir etmir.
 
 
(1-ci hissənin sonu – ardı var)