Colani rejimi ilə qarşıdurmada son vəziyyət: Ölənlərin sayı mini keçib

Colani rejiminin Suriyanın şimal-qərbində həyata keçirdiyi hücumlarda ölənlərin sayının 1000-i keçdiyi açıqlanıb.

Əl Məyadin kanalının məlumatına görə, Suriya İnsan Haqları Müşahidə Qrupu Colani rejiminin Suriya sahillərindəki hücumlarında indiyədək 745-i mülki olmaqla 1018 nəfərin həlak olduğunu açıqlayıb.

Yerli mənbələr Əl-Cəzirə telekanalına bildiriblər ki, Deyr əz-Zor çölündəki qəsəbə və kəndlərdə Colani rejiminə aid çoxsaylı nəzarət məntəqələri və ictimai təhlükəsizlik qüvvələrinə hücum edilib.

Bu hücumların kim tərəfindən həyata keçirildiyi və ölənlərin sayı barədə hələlik heç bir məlumat verilməyib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Colani rejiminin Daxili İşlər Nazirliyi Əsəd rejimi dövründə Milli Müdafiə Qüvvələrinin komandirlərindən birinin ələ keçirildiyini iddia edib.

Nazirlik, adı və şəxsiyyəti açıqlanmayan bu şəxsin Əsəd dövründə Homs şəhərində kütləvi qırğınlarda və dinc əhaliyə qarşı cinayətlərdə iştirak etdiyini iddia edib.

Rejiminin bu iddiaları dünən Suriya İnsan Haqları Müşahidə Qrupunun rejimin təkcə cümə günü Suriyanın şimal-qərbində 5 nəfəri öldürdüyünü elan etməsindən sonra ortaya çıxıb.