“Çəkilişdən sonra Fazil Mustafa mənə dedi ki...” – Hacı Şahin

“Fazil Mustafa yazılan statusunda məni təhqir etməmişdi. Sadəcə sosial mediada, ictimai rəydə bu cür başa düşüldü. Fazil bəylə müəyyən münasibətlərimiz var. Həcc ziyarətində, müəyyən televiziya verilişlərində də görüşmüşük. Fazil bəy televiziyaların birində çəkilişdən sonra mənə yaxınlaşıb mətbuatda izlədiyini, fikirlərimi dəstəklədiyini dedi”.

Bunu Lent.az-a video müsahibəsində ilahiyyatçı, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli deyib. O, millət vəkili Fazil Mustafa ilə bir qrup dindar arasında yaşananlara münasibət bildirib. Məşədi Dadaş məscidinin imam-cüməsi qeyd edib ki, istənilən mövzu tənqidə və müzakirəyə açıq olmalıdır:

“O cümlədən, əzadarlıq mövzusu da müzakirə oluna bilər. Tənqidə açıq bir mövzudur. Sadəcə olaraq, burada bir sıra məsələlərə, prinsiplərə riayət etmək lazımdır. Dini mövzudan danışarkən məsələlərə həssaslıqla yanaşmalıyıq. İfadələri düzgün seçməliyik. Bu baxımdan mən millət vəkilimizin əzadarlıqla bağlı suallarını normal hesab edirəm. Amma onun tərəfindən təhqirlə müşayiət olunan bir statusun onun tərəfindən paylaşılması dolayısı ilə həmin fikrin Fazil Mustafa tərəfindən də dəstəklənilməsi kimi başa düşülür”.

Hacı Şahin Həsənli bildirir ki, məlum mərsiyə qalmaqalında millət vəkilinin münasibətində təhqir elementləri olub:

“Fazil Mustafanın paylaşdığı statusda açıq-aşkar təhqir var idi. Bunun adını nə qoyursunuzsa qoyun, amma bu maarifçilik deyil. Əzadarlıq qaragüruhçuluq, ona qarşı mübarizə isə maarifçilik kimi təqdim olunur. Qətiyyən belə deyil və düzgün yanaşma hesab etmirəm”.

İlahiyyatçının sözlərinə görə, biz müzakirə ilə həqiqəti axtarmağa öyrəşməliyik:

“İstənilən mövzuda təhqirə yol verilirsə bu haqlını haqsız duruma salacaq bir məsələdir. Xarakterimə bələd olan insanlar da bilir ki, mən aqressivlikdən uzaq bir insanam. Fikir ayrılığı olanda da çalışıram ki, onu normal şəkildə ifadə edim. Amma təəssüflər olsun ki, son olaylarda bir qədər aqressiv yanaşmaların şahidi olduq. Mən bunu həmişə birmənalı şəkildə pisləmişəm. İndi də pisləyirəm”.