Britaniya kralı Çarlzın tacqoyma mərasimi keçirilib

Şənbə günü Vestminster Abbatlığında Britaniya kralı Çarlzın tacqoyma mərasimi keçirilib. Ən son tacqoyma 70 il öncə, Çarlzın anası Elizabet taxta gəldiyində baş tutub.
Tacqoyma mərasimi çox sayda fəaliyyətlərin planlaşdırıldığı bir həftə davam edən bir tədbirdir. Tədbir əvvəlcə planlaşdırıldığından daha az təntənəli keçirilsə də, onun Britaniyada vergiödəyiciləri üçün bir neçə milyon dollara başa gəldiyi güman edilir.

Çarlz tacqoyma mərasimində səsli bir şəkildə dua edən ilk monarxdır.

Dünya boyu milyonlarla insan tacqoyma mərasimini televiziya və internet vasitəsilə izləyə bilib.

Bir çoxlarının ağıllarında Çarlzın oğlu Harrinin mərasimdə icra edəcəyi rolla bağlı suallar var idi. Harri mərasim başlamadan qısa müddət öncə kral ailəsinin digər üzvləri ilə birlikdə mərasimin keçirildiyi yerə daxil olub və onların yanında oturub.

Harri və onun amerikalı həyat yoldaşı Meqan Markl ailənin daxili məsələləri ilə bağlı ailənin istədiyindən daha çox məlumat paylaşandan bəri Harri və kral ailəsi arasında münasibətlər bir az sarsıntılıdır. Harrinin qardaşı, Uels şahzadəsi Vilyam da mərasimdə iştirak edib. Çarlza tac qoyulandan sonra, Vilyam atasının önündə diz çökərək, ona sadiq qalacağına söz verib.

Çarlzın tacı 2.2 kiloqram ağırlığında qızıldan hazırlanan bir tacdır, üzəri isə dəyərli daşlarla bəzədilib. Tacdan ilk dəfə 1661-di ilə Kral II Çarlzın tacqoyma mərasimində istifadə olunub. Çarlz mərasimin sonuna doğru sələflərinin rəsmi tədbirlərdə müntəzəm olaraq taxdığı başqa bir tac taxıb. Mərasimdə Kamillaya da tac qoyulub.

Lakin tacqoyma mərasiminin təmtəraqlı keçirilməsi hamının xoşuna gəlmir. Xüsusilə də, Britaniyanın gənc vətəndaşları monarxiyanın öz faydalılığını və aktuallığını itirdiyindən gileylənirlər.

Britaniyada bütün monarxlarının tacqoyma mərasimləri 1066-cı ildən bəri Vestminsterdə keçirilib. Mərasimə bütün dünyadan çox sayda digər kral ailələri, siyasətçilər, yüksək mənsəb sahibi insanlar və sənətçilər dəvət olunub. ABŞ-ın birinci ledisi Cil Bayden Vestminster abbatlığında Ukraynanın birinci ledisi ilə birlikdə daxil olub.

Vestminster abbatlığında keçirilən mərasimdə köhnə ənənələrlə yeni innovasiyalar bir araya gətirilib. Mərasimdən sonra Çarlz və Kamilla Bukingem sarayına qayıdıb və orada ənənəvi olaraq balkona çıxacaqları gözlənilir. Britaniya polisi gün boyu 11 min zabitin xidmət göstərəcəyini bildirib.

 

Amerikanın Səsi