Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Bəşər Əsədlə görüşüb

Suriya münaqişəsindən bəri ikinci dəfə olaraq BƏƏ-nin xarici işlər naziri Dəməşqə səfər edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayid Ali-Nihyan ötən gün Dəməşqə rəsmi səfəri çərçivəsində Bəşər Əsədlə görüşüb.

Suriyada daxili müharibə başlayandan bəri ikinci dəfədir ki, BƏƏ XİN rəhbəri Dəməşqə səfər edir. Bəhreyn və BƏƏ daxili müharibədən sonra rəsmi Dəməşqlə diplomatik əlaqələri bərpa edən ilk ərəb dövlətləridir.

Məlumata görə Abdullah bin Zayid Ali-Nihyan Bəşər Əsədlə görüşdə qarşılıqlı münasibətləri və əlaqələrin müxtəlif sahələr üzrə möhkəmləndirilməsi və genişləndirilməsini müzakirə edib.

Tərəflər həmçinin bir sıra region məsələləri barədə də fikir mübadiləsi aparıblar.

Bəşər Əsəd BƏƏ-nin regionun sabitliyində rolunu müsbət qiymətləndirib.

Həmçinin Abdullah bin Zayid BƏƏ-nin iki ölkə arasında əməkdaşlığı artırmaqda və onu genişləndirməkdə, Suriya ilə müxtəlif məsələlər üzrə məsləhətləşmələri və koordinasiyanı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Şeyx Abdullah bin Zayid ölkəsinin Suriyanın sabitliyini və bütün torpaqları üzərində suverenliyini dəstəklədiyini vurğulayaraq, BƏƏ-nin Suriya xalqının öz iradəsi sayəsində ölkəsini intibah, inkişaf və firavanlığa qaytara biləcəyinə əminliyini ifadə edib.