Bəhruz Səmədov aclıq aksiyasına başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova Bəhruz Səmədov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.
Məhkəmə müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb.
Bəhruz Səmədov buna etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.
Növbəti məhkəmə prosesi martın 7-nə təyin edilib.
Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sülh fəalının işi üzrə istintaq da bu qurumda aparılıb.
Bəhruz Səmədov ötən məhkəmə iclaslarından birində gətirilərkən məhkəmə binasının qarşısında “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı! İttihamların hamısı yalandı…” demişdi.
 
 
ToplumTV