Bakı İslam Universiteti fəaliyyətini dayandırır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib.
 
Bu barədə "Report”a açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O, qərarın Bakı İslam Universitetinə əvvəlki illlərdə qəbul olanlara şamil edilmədiyini söyləyib:
 
"Onlar təhsillərini əvvəlki qaydada davam etdirəcəklər”.
 
R.Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsini orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.
 
Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov da bu barədə özünün "Facebook” səhifəsində yazıb. O, bildirib ki, Bakı İslam Universiteti fəaliyyətini dayandırır.
 
Tələbələri topladıqları ballara uyğun olaraq digər universitetlərə köçürəcəklər:
 
"Aldığım məlumata görə artıq bu il birinci kursa qəbul olan tələbələr artıq köçürülüb”.
 
Bir il öncə Azərbaycanda özəl "Təfəkkür” Universiteti də bağlanmışdı. Təhsil Nazirliyi açıqlamasında qapadılma qərarını universitetin özünün verdiyini söyləmişdi.