Bakı AŞPA-ya qayıtmaq üçün tələbləri yerinə yetirməlidir - Azərbaycan üzrə məruzəçi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın AŞPA-ya qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib.

"Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen "Turan"ın müxbiri ilə söhbətində deyib.

Sözügedən güzəştlərin nədən ibarət olması ilə bağlı suala cavab olaraq Kristoffersen bunları deyib: "Azərbaycan hakimiyyəti Assambleya ilə əməkdaşlıq etməli, həmməruzəçilərin ölkədə sərbəst fəaliyyətinə, o cümlədən həbsxanaları ziyarət etmələrinə şərait yaratmalıdır. Azərbaycan həmçinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir".

Hələlik, bu açıqlamaya Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Təsdiqlənməyən iddia və...

Bir neçə gün öncə Azərbaycanın AŞPA-ya qaytarılması məsələsinə bu qurumun Nazirlər Komitəsində "yaşıl işıq" yandırılması ilə bağlı iddialar səslənmişdi. Amma sonradan həmin iddialar təsdiqlənməmişdi.

"Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun qaytarılması Avropa Şurasının tələbləri yerinə yetirildiyi halda mümkündür. Ancaq hələ ki Bakı belə istək nümayiş etdirmir". "Turan"ın xəbərinə görə, bunu isə almaniyalı deputat, Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarın təşəbbüskarlarından biri Frank Şvabe deyib.

Bu il yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib.

Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra "qarayaxma kampaniyası" ilə üzləşib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

Xatırlatma

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Həmin vaxt Azərbaycan demokratiya, insan haqları və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.

 

 

AzadlıqRadiosu