AXCP: “Əli Kərimliyə təcridxanada tətbiq edilən məhdudiyyətlər davam edir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin dəyişmədiyi, ona tətbiq edilən məhdudiyyətlərin davam etdiyi bildirilir. Bu barədə “Əli Kərimliyə azadlıq” səhifəsi partiya sədrinin vəkillərinə istinadən məlumat yayıb.

Məlumata görə, Əli Kərimliyə ötən həftə də ailəsi ilə telefonla danışmağa icazə verilməyib. Onun əvvəllər iki saat olan gündəlik gəzinti vaxtının isə bir saata endirildiyi bildirilir.

Açıqlamada qeyd olunur ki, vəkillərin Əli Kərimliyə sosial şəbəkələrdə aparılan müzakirələrlə bağlı yazılı materiallar verməsinə də imkan yaradılmır. Vəkillər bununla əlaqədar məhkəməyə müraciət etsələr də, şikayətə baxılmasının uzadıldığı bildirilir.

Səhifənin məlumatına görə, İŞİD üzvü olduğu bildirilən və psixoloji problemləri olduğu deyilən məhbus hələ də Əli Kərimli ilə eyni kamerada saxlanılır.

“Bu şəxs gecə yarısı yatağından qalxaraq uca səslə dini ayinlər icra edir, özünə xəsarət yetirir, ağlayır və qışqırır. Bütün bunlar kameradakı müşahidə sistemi vasitəsilə izlənilsə də, heç bir tədbir görülmür”, – açıqlamada deyilir.

Vəkillərin saxlanma şəraitini “işgəncə və qeyri-insani rəftar” kimi qiymətləndirərək Səbail Rayon Məhkəməsinə şikayət verdiyi, lakin məhkəmənin müraciəti icraata qəbul etmədiyi bildirilir.

“Əli Kərimliyə azadlıq” səhifəsi hesab edir ki, kameradakı vəziyyət partiya sədrinə əlavə təzyiq göstərmək məqsədi daşıyır.

AXCP iyunun 26-da da Əli Kərimlinin saxlanma şəraitinin sərtləşdirildiyini açıqlamışdı. Partiyanın məlumatına görə, Kərimli ailə üzvləri ilə görüş zamanı kamerasının dəyişdirildiyini və ona qarşı tətbiq edilən rejimin ağırlaşdırıldığını deyib.

Partiya iddia edib ki, Əli Kərimli digər məhbuslara verilən bəzi imkanlardan məhrum edilib. Onun kamerasında televizorun işləmədiyi, radionun olmadığı, vəkillərinin gətirdiyi qəzet və digər mətbuat materiallarının ona təqdim edilmədiyi bildirilib.

AXCP bundan əvvəl də Kərimlinin ailəsi ilə telefon əlaqəsinə maneələr yaradıldığını açıqlamışdı. Partiyanın məlumatına görə, təcridxana rəhbərliyi onun telefon danışıqları zamanı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırmasından narazı qalıb.

Bu iddialarla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və digər rəsmi qurumlar açıqlama verməyib.

Əli Kərimlinin həbs müddəti iyunun 10-da Səbail Rayon Məhkəməsinin qərarı ilə daha beş ay uzadılıb. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə - hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur.

Əli Kərimli ötən il noyabrın 29-da saxlanılıb. Həmin gün onun evində axtarış aparılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni iş üzrə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Ona da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hökumətyönlü media Əli Kərimli və Məmməd İbrahimin həbsini Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib.

Əli Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları rədd edərək onları “tamamilə əsassız” adlandırıb. AXCP rəhbərliyi isə partiya sədrinin həbsini siyasi motivli sayır və bunu “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirir.

Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci, 274-cü və 193-1.3.2-ci maddələri ilə ittiham olunur. Bu maddələr hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasını nəzərdə tutur.

İş üzrə həbs olunan şəxslərin həbs müddəti noyabrın 13-dək uzadılıb.