Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxladı

Mayın 20-də Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyilə keçirilən prosesdə hakimlər birinci instansiya məhkəməsinin çıxardığı 9 illik hökmü qüvvədə saxlayıblar.
Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq aprelin 1-dən ölüm aclığı edib. Yaxınlarının xahişi ilə o, aclığı 40-cı günündə dayandırıb.
Siyasətçi 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.
O, 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. Tofiq Yaqublu vicdan məhbusu kimi tanınıb.