AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) aprelin 22-də Bakı şəhərindən 76 km cənub-qərbdə yerləşən Torağay palçıq vulkanın püskürməsi ilə bağlı məlumat yayıb.
 
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubunda inkişaf tapmış bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır.
 
Mütləq hündürlüyü 400 m-dən bir qədər yüksək, oturacağının ölçüləri 3,8 x 2,9 km olan Torağay palçıq vulkanın sonuncu püskürməsi bu il martın 1-də baş verib. Bundan əvvəlki püskürmə 1988-ci il ildə qeydə alınıb.
 
Vulkanın yeni püskürməsi iki fazada - ilkin faza saat 7:58, sonuncusu isə 9:45 radələrində baş verib. Püskürmədən sonra GGİ-nin "Palçıq vulkanizmi” şöbəsinin alimləri vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirərək baş vermiş püskürməni qiymətləndiriblər. Hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 ha, həcmi isə 42 525 kubmetr olub. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 km-dən çoxdur. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 metrə çatıb.
 
Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir.