ABŞ və Rusiya rəsmiləri son bir neçə ay ərzində qeyri-rəsmi görüşlər keçirib

Reuters üç mənbəyə istinadən xəbər verir ki, ABŞ və Rusiya rəsmiləri son bir neçə ay ərzində İsveçrədə Ukrayna ilə bağlı qeyri-rəsmi görüşlər keçirir.
Agentliyin məlumatına görə, onlardan bəziləri Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra baş verib. Son görüşlərdən birinin 2025-ci il fevralın 14-dən 16-dək Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı ilə eyni vaxtda keçirildiyi deyilir.
İki mənbənin Reuters-ə verdiyi məlumata görə, görüşlərdə hər iki hökumətin “diplomatik və təhlükəsizlik təcrübəsi olan” qeyri-rəsmi nümayəndələri iştirak ediblər. Agentliyin mənbələri onların adlarını açıqlamaqdan imtina ediblər. Mənbənin biri D.Trampın bəzi müşavirlərinin bu görüşlərdən xəbərdar olduğunu bildirib.
Görüşlərin gündəliyi, Ukrayna nümayəndələrinin iştirakı və bu görüşlərin başlama vaxtı da daxil olmaqla, bir çox digər detalların hələ də qaranlıq qaldığı qeyd edilir.