ABŞ-ın neft ehtiyatları son 38 ilin ən aşağı səviyyəsinə düşüb

ABŞ-da strateji neft ehtiyatları 4,1 milyon barel azalaraq 1984-cü ilin martından bəri ən aşağı səviyyəyə enib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, noyabrın 11-də başa çatan həftədə ABŞ-ın strateji neft ehtiyatları 4,1 milyon barel və ya 1% azalaraq 392,1 milyon barelə düşüb.

Ölkənin Energetika Nazirliyinin Enerji İnformasiya Departamentinin həftəlik icmalından sonra qeyd olunub ki, indeks 1984-cü ilin martından bəri ən aşağı səviyyədədir.

2022-ci ilin oktyabrında ABŞ Energetika Nazirliyi strateji ehtiyatlarından daha 15 milyon barel nefti satışa çıxarıb. Habelə prezident Co Bayden yanacağın qiymətlərini sabitləşdirmək üçün qışda yeni əhəmiyyətli addımlara hazırlaşmağı tapşırıb.

“OPEC+” Birgə Monitorinq Komitəsi oktyabrın 5-də tanınmış istehsalçı ölkələrin nazirlərinin daxil olduğu toplantıda qiymətlərin azalmasına cavab olaraq xam neft hasilatını gündəlik iki milyon barel azaltmağa qərar verib ki, bu da ABŞ-ı qəzəbləndirib.