Abzas Medianın saxta ittihamlarla həbs edilmiş jurnalisti Nərgiz Absalamova Kürdəxanı həbsxanasından yazır
"200 nəfərlik qadın korpusunda məhbuslar yalnız rüşvət qarşılığında tibbi yardım ala bilirlər.
1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) 2-ci korpusunda xəstəlikdən əziyyət çəkən qadın məhbuslar vaxtında və keyfiyyətli tibbi yardım ala bilmirlər.
Bu barədə “Abzas Media”nın əsassız ittihamlarla həmin təcridxanada saxlanılan əməkdaşı, jurnalist Nərgiz Absalamova məlumat verib.
Burada qadınlar yüksək təzyiq, şəkərli diabet, daxili orqanların müxtəlif xəstəliklərindən əziyyət çəkirlər, amma çağırışlarına gələn həkimlər çox vaxt dərmansız olurlar. “O xəstəliyə uyğun dərmanımız yoxdur” – cümləsi buradakı məhbusların tez-tez eşitdiyi cavabdır.
Xəstəlikdən asılı olmayaraq həkimlər “Analgin”, “Aspirin” və ya “Nemesil” verib məhbusun kamerasından uzaqlaşırlar. Gecə növbəsinin gec gələn həkimləri bütün ağrıları ağrıkəsici dərmanla ötüşdürüb səhər Güney Həsənova adlı həkimin gəlməyini gözləməyi məsləhət görürlər. Amma Güney həkimin gəlməyi üçün neçə səhərlərin keçməsi gərəkdiyi bilinmir. Çünki həkim həftədə bir-iki dəfə, bəzən isə ümumiyyətlə korpusa gəlmir.
Gəldikdə isə qadın məhbuslara cəmi 1-2 saatını ayırır və öncəliyi ödəniş edən məhbuslara verir. Qalan vaxtda isə digər şəxslər qəbuluna düşməyə çalışırlar.
Bir ildir BİT-də saxlanılan Şəmsiyyə İsmayılova adlı məhbus deyir ki, iki aydan çoxdur yüksək təzyiq, nevroloji problemləri ilə bağlı Güney həkimə müraciət etsə də, onu nə müayinə edir, nə dərman verir, nə də resept yazır ki, özü ala bilsin.
“Hər gün təzyiqim qalxır. Elə olur ki, ağrıdan yerimdə dayana bilmirəm. Başqa məhbuslardan xahiş edib ağrıkəsici dərman alıram. Elə olur gündə 4-5 ağrıkəsici dərman qəbul edirəm. Belə dərd olar? Nəzarətçilər Güney həkimdən xahiş ediblər deyə, bir-iki dəfə məni USM müayinəsinə aparıb. Deyirəm, USM heç nə göstərmir, heç olmasa qan analizi götürün, bəlkə qanımda səbəb tapıldı. Deyir ki, bizdə analiz yoxdur. Bəs mən nə etməliyəm? Necə olur bu boyda müəssisədə analiz götürməyə heç bir avadanlıq yoxdur? Axşam gələn növbətçi həkimlər deyir ki, “səndə ağrı əsəbdəndir”. Bildiyimə görə, Güney xanım nevropatoloqdur. Gəl ki, heç üzümə də baxmır” – deyə Şəmsiyyə İsmayılova bildirib.
Şəmsiyyə İsmayılova baş həkimin qəbulunda da olub. O deyir ki, baş həkim də Güney xanıma onu müayinə edib müalicə etməyini tapşırıb, amma qapıdan çıxan kimi bu tapşırıq da unudulub.
Məhbuslarla söhbətləşdikcə aydın olur ki, Güney həkim onlara (siyasi məhbuslar istisna olmaqla) sistemi pul qarşılığında qoşur, analiz üçün 20 manat istəyir və 200-300 manat qarşılığında məhbusları Penitensiar Xidmətin nəzdindəki müalicə müəssisəsinə göndərir.
Təcridxanada iki stomatoloq var. Onlardan Taleh adlı həkim diş müalicəsi üçün məhbuslardan pul istəyir. Pulsuz olan ancaq dişindən olmaqdır. Qalan prosedurlar yalnız ödənişlə edilir.
Müəssisədə həkimlər ixtisasları üzrə işləmirlər. Güney həkim ixtisasca nevropatoloq olsa da, bütün xəstəliklərin müayinə və müalicəsi ona tapşırılıb.
Qadın məhbuslar həkim qıtlığı, rüşvətlə tibbi yardım almaqları barədə dəfələrlə təcridxananın rəisi Elnur İsmayılova şikayət etsələr də, bir cavab alıblar: “Həkimlər bizə tabe deyil”.
Müəssisəyə gələn Ombudsman Aparatının əməkdaşlarına bu problem çatdırılanda isə sadəcə qeydiyyat aparmaqla kifayətlənirlər. Onlardan bu vaxta qədər geridönüş almaq mümkün olmayıb.
"200 nəfərlik qadın korpusunda məhbuslar yalnız rüşvət qarşılığında tibbi yardım ala bilirlər"