17 beynəlxalq təşkilat Aİ-ni COP29 dövründə Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb etməyə çağırıb

Bakıda COP29-da iştirak edən Avropa İttifaqı liderləri ölkədə siyasi məhbuslar məsələsini birbaşa Azərbaycan hakimiyyəti qarşısında qaldırmalı və onların azad edilməsini tələb etməlidir. Bu barədə 17 beynəlxalq hüquq müdafiə təşkilatının noyabrın 6-da dərc etdiyi birgə bəyanatda bildirilir. 

Azərbaycanda son iki ildə hökumət tənqidçilərinə qarşı hücumlar ciddi şəkildə artıb. Aİ açıq şəkildə çıxış etmək və vətəndaş cəmiyyəti, müstəqil KİV və ölkədə hüquq müdafiəçiləri üçün konkret yaxşılaşdırmalara nail olmaq üçün COP29-a beynəlxalq diqqətdən istifadə etməlidir, deyə bəyanatda bildirilir.

"Azərbaycanda insan hüquqları pozuntuları qeydə alınıb, son iki ildə bu sahədə vəziyyət ciddi şəkildə pisləşib, belə ki, hökumət hüquq müdafiəçiləri də daxil olmaqla, qalan müstəqil KİV və vətəndaş cəmiyyəti qalıqlarını təqib edir. Hakimiyyət siyasi motivli həbslərdən və saxta cinayət ittihamlarından istifadə edir, QHT-lərin fəaliyyətini əsassız olaraq məhdudlaşdırır. Bu təhqiredici sistem faktiki olaraq müstəqil fəalları, KİV və hüquq müdafiəçilərini öz işini qanuni şəkildə yerinə yetirmək imkanından məhrum edir və cinayət təqibi üçün həssas vəziyyətə salır.

Aİ Azərbaycanla enerji əməkdaşlığı da daxil olmaqla, iqtisadi və siyasi əlaqələrin Aİ-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsünün üzvü kimi Azərbaycanın öhdəliklərinə uyğun olaraq insan hüquqları sahəsində konkret öhdəliklər ehtiva etməsini təmin etməlidir. 

Azərbaycan mədən yanacağından əhəmiyyətli dərəcədə asılıdır və Aİ və Azərbaycan arasında enerji tərəfdaşlığına dair 2022-ci il tarixli Qarşılıqlı Anlaşma Memorandumu mühüm siyasi təsir elementidir. Aİ insan hüquqlarının müdafiəsinə zəmanət vermək üçün siyasi və diplomatik ağıırlığından istifadə etməlidir. 

2023-cü ilin iyulunda hakimiyyət məşhur alim, korrupsiyaya qarşı mübarizə üzrə ekspert Qubad İbadoğlunu həbs edib. Doqquz ay sonra o, ev dustaqlığına keçirilib. Təqsirli hesab olunsa, onu 17 ilədək həbs cəzası gözləyir.

2024-cü ilin aprelində Avropa Şurasının insan hüquqları üzrə mükafatının laureatı, hüquq müdafiəçisi Anar Məmmədli həbs edilib. Həbs Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi fevralda prezident seçkilərinə dair qiymətləndirmələrini dərc etdikdən və o, digər hüquq müdafiəçiləri ilə birlikdə iqlim ədaləti üzrə koalisiya yaratdıqdan sonra baş verib. 

2023-cü ilin noyabrından etibarən Azərbaycan hakimiyyəti ən az 11 müstəqil jurnalist və KİV işçisini - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Əziz Orucov, Şamo Eminov, Müşfiq Cabbarov, Ələsgər Məmmədli və İmran Əliyevi uydurma cinayət ittihamları ilə həbs edib.

Onlardan başqa, görkəmli vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçiləri və həmkarlar ittifaqı fəalları - Bəxtiyar Hacıyev, Akif Qurbanov, Ruslan İzzətli, Afiyəddin Məmmədov, Mehyəddin Orucov, Elvin Mustafayev, Ayxan İsrafilov, Fazil Qasımov və Famil Xəlilov həbsdədir. Bu yaxınlarda hakimiyyət tədqiqatçı və sülhməramlılar İqbal Əbilov və Bəhruz Səmədovu dövlətə xəyanət ittihamı ilə həbs edib.

Hakimiyyət həbslər silsiləsi ilə yanaşı, tədqiqatçı Cavid Ağayevin ölkədən çıxışını qadağan edib.

Aİ repressiyalarla bağlı bir neçə bəyanat səsləndirib, "müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbsinin narahatlıq doğuran artımına" istinad edib. Avropa Parlamenti isə bir neçə qətnamə qəbul edib. Avropa Şurasına üzv dövlərlər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası nöqteyi-nəzərdən ən pis göstəriciləri olan ölkələrdən biri Azərbaycandır. AİHM bir neçə halda Azərbaycan hökumətinin birləşmək azadlığı hüququnu pozduğunu müəyyən edib. Məhkəmə həmçinin Azərbaycanın hökumət tənqidçilərinin fəallığına görə qisas olaraq onları həbs edərkən "gizli motivlərə" xidmət etdiyi bir neçə hadisəni müəyyən edib. 

COP29-da iştirak edən Aİ liderləri: 

- yuxarıda adı çəkilən şəxslərin azad edilməsini tələb etməli, təcili tibbi yardıma ehtiyacı olanlara birinci dərəcəli diqqət yetirməli; 

- siyasi məhbuslar və onların ailələri ilə görüş tələb etməli; 

- müstəqil KİV və vətəndaş cəmiyyətinə dəstəyini açıq şəkildə ifadə etməli; 

- hakimiyyəti qanunsuz olaraq həbs olunan hər kəsi qeyd-şərtsiz azad etməyə və QHT-lər haqqında repressiv qanunları ləğv etməyə çağırmalıdır, deyə bəyanatda bildirilir. 

Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb: 

Amnesty İnternational, Anar Məmmədliyə dəstək kampaniyası, Jurnalistləri Müdafiə Komitəsi, Avropa Mətbuat və KİV Azadlığı Mərkəzi, Avropa Jurnalistlər Federasiyası, Freedom Now, Free Press Unlimited, Frontline Defenders, Human Rights House Foundation, Human Rights Watch, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, PEN International, Publish What You Pay, Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti Forumunun Katibliyi, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı.

 

az24saat.