Martın 12-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri İrli Litsenberger etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Bundan bir gün qabaq səfir xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı durumu müzakirə olunub. Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri, ələlxüsus Cənub Qaz Dəhlizi layihəsi haqda danışıb və ABŞ-ın bu layihələrə dəstəyinin təqdir olunduğunu deyib.
İrli Litsenberger Azərbaycanın enerji təhlükəsizliyinə və terrorçuluğa qarşı beynəlxalq mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirib.
Novator.az bildirir ki, Litsenberger ABŞ-ın Azərbaycanda səfiri postuna ötən ilin dekabrında təsdiqlənib. O, ABŞ-ın Serbiya, Qırğızıstan səfirliklərində, NATO missiyasında çalışıb. Son təyinata qədər ABŞ Dövlət Departamentində hərbi-siyasi məsələlərlə məşğul olub.
ABŞ-ın Azərbaycanda birinci səfiri Riçard Mayls olub. O, 1992-1993-cü illərdə bu postu tutub.
İkinci səfir Riçard Kozlariç 1994-1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997-2000-ci illərdə çalışıb.
Sonrakı səfirlər bu şəxslərdir: Ross Uilson (2000-2003), Rino Harniş (2003-2006), Enn Dörsi (2006-2009), Metyu Brayza (2011-2012), Riçard Morninqstar (2012-2014), Robert Sekuta (2015-2018).
Yeni səfir fəaliyyətə başlayıb
Oxşar xəbərlər