“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) Azərbaycanda həbsdə saxlanılan jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırıb

Martın 6-da “Abzas Media işi” çərçivəsində 9 il azadlıqdan məhrum edilən “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadənin kassasiya şikayətinə baxılacaq. Bu barədə bəyanat yayan “Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) onun və Azərbaycanda həbsdə saxlanılan digər jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırıb.
Təşkilatın bəyanatında bildirilir ki, 9 il azadlıqdan məhrum edilən “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə martın 6-da kassasiya şikayəti verəcək. RSF onun və Azərbaycanda həbsdə saxlanılan bütün jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir.
Fərid Mehralızadə 2024-cü ilin mayında “Abzas Media işi” çərçivəsində həbs olunub. Ondan əvvəl bu iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, həmçinin jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova saxlanılmışdı.
Onlar qaçaqmalçılıq və bir sıra ağır maliyyə cinayətlərində ittiham olunublar.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.
Jurnalistlər ittihamları qəbul etmir və həbsin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.
Beynəlxalq media və insan haqları təşkilatları isə bu həbsləri Azərbaycanda müstəqil medianın susdurulmasına yönəlmiş kampaniyanın bir hissəsi kimi qiymətləndirirlər.