Ukrayna: 7 min hərbçimiz itkin düşüb

24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsində itkin düşən ukraynalı hərbi qulluqçuların sayı açıqlanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O deyib ki, təxminən 7 min ukraynalı hərbçi itkin düşmüş hesab edilir.

Müdafiə Nazirliyinin (MN) rəsmisi itkin düşənlərin qohumları və yaxınlarını sosial şəbəkələr vasitəsilə həmin şəxslərin axtarışı ilə məşğul olmamağa çağırıb.

Onun sözlərinə görə, həmin insanların hərbi formadakı şəkillərinin və onların şəxsi məlumatlarının sosial şəbəkələrdə yerləşdirilməsi onların ziyanına ola bilər, çünki onlar əsirlikdə ola bilərlər və ya gizlənərək geri dönməyin yolunu axtarmış ola bilərlər.

Əgər artıq (onların) geri qaytarılmasına dair danışıqlar aparılırsa, o zaman diqqətin konkret insana çəkilməsi bu danışıqları ləngidə bilər və ya çətinləşdirə bilər“, – deyə Malyar qeyd edib.

O, itkin düşmüş şəxslərin yaxınlarını onlar barədə məlumatları hərbi əsirlərlə bağlı quruma bildirməyə səsləyib.