Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığında qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Abdullahiyan və Çavuşoğlu arasında ötən gün axşam baş tutan telefon danışığında tərəflər qarşılıqlı əlaqələrdən savayı bir sıra region məsələlərini də müzakirə ediblər.

İran XİN rəhbəri Türkiyənin Cümhuriyyət günü ilə bağlı təbrik etməklə yanaşı, bir müddət öncə mədəndə baş verən partlayışa görə qarşı tərəfə başsağlığı verib.

Həmçinin Mövlud Çavuşoğlu Şiraz şəhərində İmamzadəyə hücumu pisləyib və Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib.

İranla Türkiyəni təkcə qonşu deyil, qardaş adlandıran Çavuşoğlu dövlətlər arasında əldə edilmiş razılaşmaların icrasına təkidlə yanaşıb.

Çavuşoğlu həmçinin bildirib ki, Türkiyə İranla Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etməsindən və iki dost ölkənin arasındakı dostluq münasibətlərindən xoşhaldır.