Şamaxı İmamzadəsi- VİDEO

Azərbaycanın Əhli-beytə (ə) olan sevgisini özündə ehtiva edən ziyarətgahlardan biri də “Şamaxı İmamzadəsi”dir. Türbə Şamaxı şəhərinin mərkəzi hissəsindəki "İmamlı" küçəsində yerləşir. Məzar dördüncü imam Əli ibn Hüseyn Zeynul Abdinin (ə) övladlarından olan Seyid Məhəmməd Saleh əl-Müdərrisə aiddir. Ziyarətgahın əsası 1370-ci ildə qoyulduğu qeyd edilir. Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə yazdığı məşhur "Gülüstani-İrəm" əsərində türbə haqqında məlumat verərək Azərbaycanın dini dəyərlərə qiymət verən bir ölkə olduğunu qeyd etmişdir. Zamanla ziyarətgahın hansı mərhələlərdən keçməsi haqda dəqiq məlumat yoxdur. Ötən əsrin əvvəllərində, 1910-1917 illərdə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında ziyarətgah yenidən tikilib bərpa olunub. Bu isə o dövrdə ziyarətgahın dağıntıya məruz qalmasını söyləməyə əsas verir. Ancaq bunun dəqiq zəlzələ və ya hansı səbəbə baş verməsi məlum deyil. Ümumiyyətlə isə onun beş dəfə tikildiyi ehtimal edilir. 1993-2000-ci illərdə ziyatərgah yenidən bərpa olunmuşdur. Yeni tikinti genişlənmə səbəbindən hal-hazırda burada eyni vaxtda 400 nəfərin ibadət etməsi mümkündür. Məscid kompleksi üç hissədən - ziyarətgah, ibadət yeri və hüseyniyədən ibarətdir. Ziyarətgahın həyətində həmçinin, uzun müddət burada axundluq etmiş, tanınmış Seyid Mirmehdi ağa Seyidəli oğlunun da məzarı var. Ərazi inanclı kütlənin ziyarət etdiyi məkanlardandır.  
Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.