Jurnalist və inanclı fəal olan Elşən Abbasov saxlanıldı - Son dəqiqə

İnanclı fəal, “Hüseyn heyəti” cəmiyyətinin quruclarından olan dünən  Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Yaxınları son zamanlar inanclıların həbsi fonunda Elşən Abbasovun da saxlanıldığını güman etdiklərini bildiriblər.

Bundan əlavə vəkilləri Operativ tv-yə qeyd ediblər ki, Daxili İşlər Nazirliyi Elşən Abbasovu qanunsuz miqrasiyanın təşkilində də ittiham edirlər: “Onlar iddia edir ki, Elşən Abbasov dəfələrlə İrana gedib gəlib. Yəni bu ərəfələrdə İrandan Azərbaycana insanların qanunsuz yolla keçməsinə yardım edib. Bu şəxsləri guya sonradan Türkiyədən Suriyaya döyüşmək üçün göndərib. Bu yol ilə Elşən Abbasovu İrana casusluqda da ittiham ediblər. Lakin iddialarını sübut edəcək heç bir dəlilləri yoxdur”.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayının 18-də müstəqil araşdırmaçı jurnalist, dini fəal Elşən Abbasovun ölkədən çıxışına qadağa qoyulmuşdu. O, Gürcüstana gedərkən saxlanılmışdı.

Bundan əlavə 2021-ci ildə oktyabr ayında da araşdırmaçı jurnalist Elşən Abbasov Baş Prokurorluğun sifarişi ilə saxlanılıb. Onu qanunsuz miqrasiya təşkilində iddia edərək cinayət işinə cəlb etsələr də vəkilləri ittiham tərəfinin sübutlarının olmadığını açıqlamışdı.

Elşən Abbasov həm də Azərbaycanın tanınmış ilahiyyatçısı Şeyx Sərdar Hacıhəsənlinin həbsinə görə də dəfələrlə saxlanılıb və dindirilib.

Saxlanılma səbəbi olaraq isə inanclılara qarşı təzyiqləri və “Tərtər hadisələri”ni araşdırması gösətirilirdi.

Elşən Abbasov sonuncu dəfə bu ilin fevral ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən dostları ilə birgə saxlanılsa da sonradan sərbəst buraxılmışdı.

Elşən Abbasovun yaxın dostlarından olan və birgə fəaliyyət göstərdiyi Kərbəlayi Cahangir, Kərbəlayi Seymur, Kərbəlayi Mənsur narkotik ittihamı ilə həbs olunublar. Sözügedən şəxslərin həbsi barəsində mediada bir çox xəbər yayımlanıb.