Ərdoğan ABŞ-ın Suriyaya yanaşmasından təəssüfləndiyini bildirib

Türkiyə Suriya və İraqda terrorçuların hədəflərinə zərbələr endirmək planları ilə bağlı ABŞ və Rusiyanı xəbərdar etmir. 

SalamNews-un AA-ya istinadla verdiyi xəbərə görə, bunu prezident Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən dünya çempionatının açılışında onu müşayiət edən jurnalistlərə müsahibəsində bildirib. 

Balidə ABŞ prezidenti Co Baydenlə iki tərəfli görüşdə, eləcə də Rusiya lideri Vladimir Putinlə söhbətlərində Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları mövzusunun qaldırılıb-qaldırılmaması ilə bağlı suala Ərdoğan belə cavab verib:

"Biz nə cənab Baydenlə, nə də cənab Putinlə əməliyyatlar mövzusunu müzakirə etməmişik. Eyni zamanda, həm Bayden, həm də Putin Ankaranın mövqeyini, hər an bizim bu bölgəyə zərbələr endirmə ehtimalımızı yaxşı bilirlər". 

Dövlət başçısı vurğulayıb ki, Türkiyənin xüsusi xidmət мэ hüquq-mühafizə orqanları heç bir ölkənin icazəsi əsasında fəaliyyət göstərmir. 

"Hansı addımları atacağına Türkiyə özü qərar verir. Amerikalılar bu barədə aydın fikrə malik olmalıdırlar. Düşünürəm ki, onlar artıq bunu başa düşüblər. Bütün tərəflər tezliklə Türkiyənin yeni mühüm addımlarının şahidi olacaqlar", deyə prezident qeyd edib. 

Eyni zamanda o, ABŞ-ın Suriyaya yanaşmalarından təəssüfləndiyini bildirib. 

"Türkiyənin NATO müttəfiqinin son illərdə Suriyanın terrorçuların fəaliyyət göstərdiyi bölgələrə döyüş sursatı və silahlarla dolu minlərlə yük maşını göndərməsi bizi kədərləndirir. Bu kurs Barak Obamanın prezidentliyindən bəri davam edir, Donald Trampın dövründə də davam edib və Co Bayden dövründə dəyişməz qalıb", deyə ölkə lideri vurğulayıb. 

Türkiyə prezidentinin sözlərinə görə, Ankaranın Suriya ilə bağlı narahatlığı Vaşinqtonun diqqətinə çatdırılıb. 

"Mən şəxsən Obama, Tramp və daha sonra Baydenlə söhbətlərdə bu məsələni qaldırmışam. Demişəm ki, əgər biz NATO müttəfiqləri və tərəfdaşlarıyıqsa, amerikalıların Suriyadakı terrorçulara verdiyi dəstəyin Türkiyənin cənub sərhədləri üçün təhlükə təşkil etdiyini bilməliyik. Biz xəbərdarlıq etmişdik ki, lazım gələrsə, lazımi cavab tədbirləri görməyə məcbur olacağıq. Türkiyənin milli təhlükəsizliyinin tələb etdiyi kimi hərəkət etməyə davam edəcəyik. Güzəşt yoxdur! Çünki istənilən mövqe dəyişikliyi ölkəmiz üçün problemlər yarada bilər", deyə prezident əlavə edib. 

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında yeni əməliyyatının planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala dövlət başçısı cavab verib ki, Türkiyə ordusunun bölgədə terrorçulara qarşı əməliyyatları davam etdiriləcək.

Türkiyə lideri 2019-cu ilin Soçi razılaşmalarını xatırladıb ki, bu razılaşmalara görə Rusiya tərəfi Suriyanın müəyyən bölgələrinin terrorçulardan təmizlənməsini öz üzərinə götürüb. 

"Təəssüf ki, Türkiyə tərəfinin xatırlatmalarına baxmayaraq, bu öhdəliklər yerinə yetirilməyib. Bunu etmirlər, bacarmırlar. Cavab olaraq bəyan edirik ki, razılaşmalara əməl edilmədiyi təqdirdə özümüz terrorçulara qarşı lazımi addımları atacağıq. Bir gün əvvəl Suriyanın Kobani şəhərində terrorçuların 12 hədəfinə endirilən zərbələr bununla bağlıdır. Bu, davam edəcək əməliyyatların bir hissəsidir. Ümumilikdə hava zərbələri nəticəsində Suriya və İraqda terrorçuların 89 obyekti, o cümlədən tunellər və silah anbarları məhv edilib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib. Zərbələr İraq ərazisinin təxminən 140 km, Suriya ərazisinin isə 20 km dərinliyində həyata keçirilib.", deyə Ərdoğan qeyd edib. 

Ərdoğan səhər saat 04:00-da Türkiyənin milli müdafiə naziri Hulusi Akarla telefon əlaqəsi saxladığını və əməliyyatın tam uğurla keçdiyini bildirib. 

Qətərdə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə ilk görüşü şərh edən Türkiyə prezidenti xatırladıb ki, bundan əvvəl də dövlət başçıları səviyyəsində təmasların başlanmasını istisna etməyib. 

"Dohada biz bu prosesin əsasını qoyduq. Ümid edirəm ki, Misirlə nazirlərin dialoqu ilə başlayan münasibətlərin normallaşdırılması prosesi tezliklə ən yüksək səviyyədə danışıqlar səviyyəsinə çatacaq", deyə prezident vurğulayıb. 

Türkiyə liderinin sözlərinə görə, Ankara Türkiyə və Misir xalqları arasındakı tarixi əlaqələrə xüsusi önəm verir.