Qətərdəki qaz zavodunda partlayış baş verib – 50-dən artıq şəxs xəsarət alıb

Qətərin Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsində partlayış baş verib. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.

“Ras-Laffan sənaye rayonundakı zavodlardan birində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərdir. Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ras-Laffan Qətərin şimal sahillərində yerləşən və dünyada ən böyük mayeləşdirilmiş təbii qaz istehsal mərkəzi hesab olunan sənaye klasteridir.

Kompleks dövlətə məxsus "QatarEnergy" şirkətinin idarəçiliyindədir.