Premyer Liqa: “Neftçi” “Şamaxı” önündə qələbə seriyasını davam etdirib

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Operativtv.com Report-a istinadən məlumatına görə, son gündə bir oyun keçirilib.

Autsayderlər zonasında qərarlaşan “Şamaxı” liderlər qrupunda yer alan “Neftçi”ni qəbul edib. Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Bölgə təmsilçisi güclü rəqibinə 80 dəqiqə müqavimət göstərə bilib. 81-ci dəqiqədə qapıçı Rəşad Əzizlinin kobud səhvini bağışlamayan Mateus Saldanya hesabı açıb.

Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub və “Neftçi” səfərdə 1:0 hesablı qələbə qazanıb.

Beləliklə, çempionatda “Şamaxı” üzərində ardıcıl 5-ci qalibiyyətini əldə edən “Neftçi” xallarının sayını 55-ə çatdırıb. “Ağ-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıblar. Doqquzuncu sıradakı “Şamaxı”nın isə aktivində 20 xal var.

Turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.

Qeyd edək ki, Premyer Liqada XXVII turun qarşılaşmaları 15-17 mart tarixlərində oynanılacaq.