Narkotik ittihamı ilə şərlənib həbs edilən dindarların məhkəməsi davam edir. "Məlumat" İnformasiya Agentliyinin verdiy xəbərə görə, repressiya məhbusu Amal Əhmədliin məhkəməsinə gətirilən şahidlər aradan çıxıb.
Qobustan polis idarəsinin əməkdaşları Amalın məhkəməsinə hal şahidi qismində ifadə vermək üçün gəliblər.
Səfa adlı üzəduran polis, məhkəmə prosesi başlamazdan öncə Amalın ansına "anam" deyə, müraciət edib. O, Amalın məhkəməsinin hansı zalda keçirildiyini soruşub. Amalın anası ona deyib ki, "Mənə ana deməyə sənin ləyaqətin çatmır. Mən Amal kimi imanlı, ləyaqətli oğlun anasıyam, sən mənim oğlumu polis idarəsində ailəsi ilə təhdid etmisən. Ayıb olsun sənə".
Məhkəmə başlayanda şahidlərin aradan çıxdığı bəlli olub.
Amal bildirib ki, Qobustan polisində Səfa və Rəşad adlı polislər onu həyat yoldaşı və anası ilə təhdid ediblər:
"9 mart, gecə saat 2- də müştərini Bilgəhdə düşürüb, Buzovnaya, qaynatamgilə gedirdim. Yolboyu məni bir avtomobilin izlədiyini hiss etdim.
Qaynatamgilə çatanda maşınımın qabağını kəsdilər. Maşından düşdüm, məni başqa adla çağırdılar. Dedim ki, mən Amalam. Sonra gördüm ki, maşınımın qapılarını qırırlar. Maşınımın qapısını açdım, sənədləri və telefonumu götürdülər.
Məni ordan polis idarəsinə apardılar. Orda Səfa və Rəşad adlı polislər mənə mənəvi və fiziki təzyiq göstərib, kağıza imza atmağa məcbur etdilər. Dedilər ki, atmasan ananla, həyat yoldaşını da səninlə bərabər narkotik ittihamı ilə həbsə gondərəcəyik. Mən ailəmi qorumaq üçün imza atdim".
Amal Əhmədli bildirib ki, onu Qobustan polis idarəsində iki gün əlləri qandallı vəziyyətdə ac saxlayıblar:
"İki gündən sonra polis mənə kurasan gətirdi. Hədsiz ac idim. Kurasanı yeməyə başlayanda ayaqlarım keyləndi. Sonra bayıldım. Ayılanda gördüm ki bütün paltarım sudur. Məni ayıltmaq üçün üstümə su töküb, üzümü şillələyiblər".
Amal Əhmədli çıxışı zamanı şərləndiyini bildirib:
"Bilgəhdən çıxandan dalımca gəldiklərini gördüm. Ölkədə dindarların oğurlanıb narkotik ittihamı ilə şərləndiyini bilirdim. Məni də dindar olduğuma görə aparmağa gəldiklərini anladım. Əgər üstümdə narkotik olsaydı onu atardım, üstümdə saxlamazdım".
Prokuror Amaldan, Səbuhi Səlimovun yas məclisinə getməsi barədə sual verib. Amal getdiyini deyib. Prokurorun - Səbuhi Səlimovun yas mərasiminə niyə getmişdin, sualına Amal belə cavab verib:
-Səbuhi Səlimovun kürəkəni mənim dostumdur. Sizin dostunuzun qaynatası ölsə, yasına getməssiniz?
Qeyd edək ki, Ələt sakini Amal Əhmədli 2023-cü ilin 9 mart gecə saat 2- də oğurlayıblar.
Amal Əhmədli Azərbaycan CM-nin 234.1-1 maddəsi ilə ittiham olunub.
"Polis idarəsində kurasan yedim və özümdən getdim"