Paşinyanın oğlunun "oğurlanması ilə" bağlı cinayət işi açılıb, saxlanılanlar var

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın ifadəsi əsasında İstintaq Komitəsi adam oğurluğu maddəsi ilə cinayət işi açıb.

Toplum TV xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni redaksiyası məlumat yayıb. 

Bildirilir ki, baş nazirin ailəsinə məxsus “Haykakan Jamanak” qəzetində dərc olunan “Aşot Paşinyanı evinin yaxınlığında oğurlamağa cəhd etdilər” məqaləsinin dərcindən təxminən bir saat sonra hüquq-mühafizə orqanlarının əməkdaşları valideynləri polisə gətirib. 

"Haykakan Jamanak" yazıb ki, adam oğurluğunda iştirak edənlər “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir və onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin Aşot Paşinyan dayanmış avtomobildən düşə bilib, nəticədə eyni təşkilatın onları təqib edən başqa bir avtomobili onu vurub. Qəzetin yazdığına görə, Aşot Paşinyanın ayağı zədələnib, “Oğulların çağırışı” təşkilatının üzvləri hadisə yerindən qaçıblar.

“Azatutyun” radiosunun çəkiliş qrupu “Oğulların çağırışı” qeyri-hökumət təşkilatının ofisinin qarşısında olarkən polis valideynləri içəri gətirməyə başlayıb. 44 günlük müharibədə həlak olan hərbçi Jora Saakyanın anası Zoranuş Saakyan da polis şöbəsində olub və o, gətirilənlər arasında ərinin də olduğunu bildirib. Zoranuş Saakyan təsdiqləyib ki, mayın 17-də ölən hərbçilərin valideynlərindən birinin işi üzrə məhkəmə iclasından sonra Aşot Paşinyanla görüşüblər.

“Bu gün məhkəmə var idi, ora gəldi. Böhtan atırlar ki, guya valideynlər onu qaçırıb, biz qaçırmamışıq. Qayane Martirosyanın məhkəməsi idi, ona dedim, gəl, özü gəldi, ona toxunmadıq. Özü də səssizcə oturdu ... və maşından düşdü, getdi", - Zoranuş Saakyan bildirib. 

"Haykakan Jamanak" qəzeti oğurluq cəhdində mərhum Mxitar Qaleyanın atası Qarik Qaleyanın əli olduğunu iddia edib. Saxlanılan zaman "Azatutyun" radiosunun müxbiri ona bir neçə sual verə bilib. O, kiminsə baş nazirin oğlunu qaçırmaq fikrində olmadığını bildirib:
 
“O, məhkəmənin yanından keçirdi, sonra valideynlərimizdən biri ilə yanaşı oturdu. Analardan biri ona dedi ki, biz "Yerablur"a (hərbçilərin panteonu - red.) gedirik, bu oğlanların gözünün içinə baxarsan və valideynlərinə onların nə etdiklərini deyərsən. O, maşına mindi və onlar getdilər, hardasa Üçüncü məntəqədə maşının qapısını açıb düşdü. Deyəsən, maşın hələ hərəkət edirdi. O, maşından düşüb qaçanda mən beş maşından birini sürürdüm, onu vurmamaq üçün əyləci basdım". 

Vəkil Ruben Melikyan adam oğurluğu ilə bağlı məlumatları ağlasığmaz hesab edir, o, gətirilənlərə baş çəkməyə hələ vaxt tapmadığını deyib:

“Mənə dedilər ki, adam oğurluğu cəhdi olmayıb, bu doğru deyil. Düşünmürəm ki, Aşot Paşinyan özünü elə aparıb ki, kimsə ondan atasının etdiklərinə görə cavabdehlik tələb etsin. Bu versiya mənə mümkün görünmür. Yəni, o, heç vaxt Nikol Paşinyan ailəsinin bir çox üzvlərinin həzz aldığı dəbdəbədən həzz aldığını göstərəcək davranış nümayiş etdirməyib”.

Mayın 17-də həbs edilən Qarik Qaleyan ötən il bir qrup şəxslə hərbi hissənin ərazisinə daxil olmaq və komandir müavininə qarşı zorakılıq etmək ittihamı ilə həbs edilmiş, sonra isə zaminə buraxılmışdı.

Hələlik Aşot Paşinyanın səhhəti ilə bağlı məlumat yoxdur.

Daha sonra “Haykakan Jamanak” qəzeti video yayımlayıb və qeyd edib ki, orada Aşot Paşinyanın maşından tullanaraq başqa avtomobillə vurulması əks olunub. 

Vəkil Vaan Hovhannisyan "Facebook" səhifəsində 44 günlük müharibə zamanı həlak olan Jora Martirosyanın anası Qayane Akopyanın Aşot Paşinyanı maşına necə dəvət etdiyini əks etdirən video yayımlayıb. Vəkil adam oğurluğu ilə bağlı “öz iradəsinə zidd olaraq, ya iradəsinə məhəl qoymadan, ya da köməksiz vəziyyətindən istifadə etməklə” maddəsindən sitat gətirib və təqdim olunan videonun cinayətin mövcudluğunu təkzib etdiyini vurğulayıb.

Cinayət işinin başlandığı maddə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Vəkil Vahan Hovhannisyan “Radio Azatutyun”a müsahibəsində məsələ ilə əlaqədar 4 nəfərin saxlanıldığını bildirib.