Baş redaktora qarşı ittihamın məzmunu dəyişdirilib

"Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov dekabrın 6-da Bakı Şəhər Prokurorluğunda müstıntiq Cavid Abbasov tərəfindən dindirilib.
 
Prokurorluqdakı mənbələrin Meydan TV-yə verdiyi məlumata görə, Anar Məmmədova qarşı ittihamların məzmunu dəyişdirilib, ittihamdan bir qrup şəxsin ifadəsi çıxarılıb.
 
"İstintaq Anar Məmmədovun Avropa Məhkəməsinin müvafiq qərarları ilə müqayisəli şəkildə linqvistik ekspertiza keçirməklə bağlı vəsatətini təmin etməyib”, - deyə mənbə vurğulayıb.
 
Bildirilir ki, "Turan” İnformasiya Agentliyində 4 iyul 2018-ci ildə yayılmış analtik məqalə ilə əlaqədar ayrıca cinayət təqibi başlanılıb.
 
Eyni zamanda, yaxın günlərdə jurnalist Anar Məmmədov və Mustafa Hacıbəyli barəsindəki istintaqın yekunlaşacağı bildirilir.
 
İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.
Elmar Vəliyevə qarşı hücum iyulun 3-də baş verib.
 
"Criminalaz.com” saytı məhkəmə qərarı olmadan bloklanıb.
 
"Bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli 30 noyabrda şahid qismində keçdiyi cinayət işi ilə əlaqədar Bakı Şəhər Prokurorluğuna çağırılıb. Lakin o, təqsirləndirilən şəxs statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 
M.Hacıbəyli ittihamları peşə fəlaiyyəti ilə bağlayaraq özünə qarşı təzyiq hesab edir.
 
Anar Məmmədov isə istintaqın irəli sürdüyü ittihamı ifadə azadlığına zidd hesab edir, bunun ifadə azadlığının qanunsuz təqibinə yönəldiyini düşünür.