Dini etiqad azadlığı ilə bağlı qanun tam dəyişdiriləcək

Azərbaycanda dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklər edilməsinə zəruri ehtiyac var. Hesab edirəm ki, bu yöndəki mövcud qanun tam yenilənməlidir, yeni qanun layihəsi işlənilib-hazırlanmalı və parlament müzakirələrinə çıxarılaraq, qəbul edilməlidir.

Bildiyim qədərilə, artıq “Dini etiqad azadlığı haqqında” qanunvericiliyə ciddi dəyişikliklər edilməsi nəzərdə tutulur, bununla bağlı qanunvercilik aktı üzərində ekspertlər səviyyəsində işlər aparılır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, mövcud qanun 1992-ci ildə, Azərbaycanın müstəqilliyinin ilk illərində qəbul olunub və həmin vaxtdan 26 illik böyük bir zaman keçir. Ötən illər ərzində mövcud qanuna dəfələrlə dəyişikliklər, əlavələr edilib, amma bununla belə, bunlar tam yetərli və məqbul deyil.

“26 il ərzində ölkədə çox böyük dəyişikliklər, irəliləyişlər, sürətli inkişaf baş verib. Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub, dünyanın siyasi, humanitar, milli-dini dialoq məkanına, tolerantlıq mərkəzinə çevrilib.

Azərbaycanın milli və dini tolerantlıq nümunəsi dünya üçün bir modelə çevrilib. Bunu bizi sevənlər də, sevməyənlər də etiraf edirlər, etməmək üçün heç bir əsasları, arqumentləri yoxdur. Amma bəzən bu tolerantlıq mühitindən sui-istidafə etməyə, Azərbaycanın milli və dini tolerantlığına kölgə salmağa cəhdlər olur.

Azərbaycanı istəməyən qüvvələr həm xaricdən, həm daxildən simbioz şəkildə bu cür cəhdlərə baş vurmaq istəyirlər. Cəhdləri alınmır ki, alınmır. Çünki Azərbaycan dövləti ilə Azərbaycan vətəndaşı monolitdir və bu cür cəhdləri daim fiaskoya uğratmaq qüdrətindədir.

Necə ki, bunu bacarıb. Həyat, zaman dəyişir, yerində saymır, inkişaf edir və hər bir inkişaf mahiyyətinə uyğun olan addımlar atılmasını diktə edir. Odur ki, həm inkişafdan irəli gələn çağırışları, həm reallıqları, həm də yaşananları nəzərə alaraq, dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir.

Qeyd etdiyim kimi, artıq bu yöndə addımların atılması və atılacağı ilə bağlı məlumatlar var. Yəni, “Dini etiqad azadlığı haqqında” mövcud qanunun tam yenilənməsi gözlənilir və nəzərdə tutulur.

Bu baxımdan, hesab edirəm ki, bu proses bir qədər sürətləndirilməli və yeni qanunvericilik tez bir zamanda təkmil şəkildə müzakirələrə təqdim olunmalıdır”, - deyə T.Rzayev əlavə edib.