Bakıda tikintilərə icazəni Arxitektura Komitəsi verəcək

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.
 
Prezident İlham Əliyev avqustun 1-də bununla bağlı fərman imzalayıb.
 
Fərmana əsasən, bundan sonra Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Bu sırada tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olunur.
 
Fərman həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanununun tətbiqi barədə prezidentin 2012-ci ildə imzaladığı fərmana dəyişiklikləri də nəzərdə tutur.
 
Həmin dəyişikliklər əsasən, tikintilərə icazə verilməsi proseduru ilə bağlıdır. Dəyişikliklər Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə icazə proseduruna başqa qurumlarla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adının da daxil edilməsini nəzərdə tutur.
 
Fərmanda həmçinin, Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıqlar da verilib.
 
Turan