Novruz Məmmədov pambıq müşavirəsi keçirib

İyunun 22-də baş nazir Novruz Məmmədovun yanında pambıqçılq sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.
 
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə prezident İlham Əliyevin ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə verdiyi tapşırıqdan irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Müşavirənin yekununda baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
 
Azərbaycanda son 2 həftədə isə pambıq sahələrindən həyacanlı xəbərlər gəlir.
 
Ölkənin müxtəlif bölgələrində (İmişli, Saatlı və Tərtər rayonlarında) pambıq taralalarında çalışan günəmuzd işçilərin bir neçə dəfə kütləvi zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb.
 
Onların bəziləri, hələ də xəstəxanalarda müalicə alır. Zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən şəxslər bildiriblər ki, onlar gün ərzində 10 manata işləyirlər.
 
Baş verənlərlə bağlı, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.
 
Söhbət 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.
 
Artıq 5 nəfərin də həbs edildiyi deyilir. Bunlar «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronomu Gülməmməd Küçiyev, həmin cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev, baş aqronomu Surxay Məmmədov və İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanovdur.
 
Baş verənlərə hələlik, həbs edilən şəxslərin özlərinin və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb.
 
Ancaq onlardan bəzilərinin qohumları Azadlıq Radiosuna bu həbslərin düzgün olmadığını deyiblər. Onlar qeyd ediblər ki, bu işdə həbslər yuxarılardan başlamalı idi.