Azərbaycanda qırmızı, yaşıl, göy pambıq yetişdiriləcək

Azərbaycanda təcrübə üçün əkilən rəngli pambıqların sortları artırıla bilər.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Toxum Nəzarəti Dövlət Xidmətinin rəhbəri İmran Cümşüdov deyib.

Xidmət rəhbəri bildirib ki, təcrübə üçün Azərbaycanda hələlik iki növ rəngli pambıqlar yetişdirilib: "Bu pambıqlar qonur və açıq qonur rəngdədir. Bu pambığın toxumu Çindən gətirilib. Həmin toxumları hər ölkədə yetişdirmək olmur. Amma Azərbaycanın iqlimi həmin pambıqların yetişdirilməsinə imkan verir. Bu sortlar Çindən bir şirkət tərəfindən alınaraq təqdim olunub. Bu pambıqlar rəngli və orqanik pambıqlardır. Çinli mütəxəssislərin dediyinə görə, hər bir ölkədə bu sortlardan normal məhsul götürmək mümkün deyil. Həmin mütəxəssislər Azərbaycanda müşahidə aparandan sonra burada həmin pambıqdan məhsuldarlıq almağı mümkün hesab ediblər. Çünki Azərbaycandakı torpaq münbitliyi bu sortlardan məhsuldarlıq əldə etməyə imkan verir. Bu məqsədlə də biz bu sortların toxumundan təxminən 1 kiloqramdan az götürdük. Həmin toxumları Tərtər bölgə Təcrübə Təsərrüfatında Regional Aqrar Elm İnformasiya Mərkəzinin əkin sahəsində əkdik. Artıq çox yaxşı nəticələr əldə olunur. Hazırda pambıq yetişmə mərhələsindədir, becərmə işləri yüksək səviyyədə aparıldı. Yığım ərəfəsində pambığın məhsuldarlığı və keyfiyyəti barədə geniş informasiya verəcəyik".

İ.Cümşüdov bildirib ki, orqanik pambığın yetişdirilməsində məqsəd azyaşlılar üçün pambıqdan hazırlanan paltarların kimyəvi boyanmasının qarşısını almaq, uşaqlara təbii rəngli pambıqlardan paltarlar hazırlamaqdır: "Bu sortların Çində yetişdirilməsinin də əsas məqsədi budur. Biz də həmin pambıqları bu məqsədlə yetişdirmək istəyirik".

Xidmət rəisi bildirib ki, gələcəkdə Azərbaycanda bu pambıqların digər rənglərinin də yetişdirilməsi nəzərdə tutulur:

"Hələlik bizdə qonur və açıq qonur rəngli pambıqlar təcrübə üçün yetişdirilir. Amma bu pambığın qırmızı, yaşıl, açıq çəhrayı və göy rəngli sortları da var. Əgər bu sort məhsuldarlığı yüksək versə, gələcəkdə həmin rənglərdən olan pambıq sortları da Azərbaycanda yetişdirilə bilər. Əgər məhsuldarlıq yaxşı olsa, biz bu sortları dövlət qeydiyyatına alacağıq və fermerlərimiz bu toxumlardan tam istifadə edə biləcəklər. Hələlik az miqdarda əkmişik. Əldə edilən toxumdan gələcəkdə geniş sahələrdə əkiləcək. Növbəti ildə də biz həmin pambıqdan davamlı əkəcəyik. Hələlik Tərtər rayonunda əkilib, ola bilsin ki, gələcəkdə digər rayonlarda da həmin pambıq sortları sınaqdan keçirilsin. Bu pambıq sortlarının məhsuldarlığı bizim yerli pambıqdan geri qalmır. İlkin qiymətləndirmə bunu deməyə əsas verir. Bu sort pambıqların zərifliyi, keyfiyyəti yerli pambıqlardan üstündür".

İ. Cümşüdov bildirib ki, rəngli pambıq sortu ölkədə 3 il sınaqdan keçiriləndən sonra kütləvi əkininə başlanması məsələsi müzakirə oluna bilər.

trend