İsrailin milli təhlükəsizlik naziri fələstinlilərin hamısının öldürülməli olduğunu deyib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada yaşayan fələstinlilərin öldürülməsinə açıq çağırış edib.

O, bunu avqustun 16-da yayımlanan, Qəzzada əsirlikdə olmuş Rom Braslavskinin apardığı podkastda deyib.

Ben-Qvir İsrail qüvvələrinin Qəzzada hər gecə “30-40 nəfəri öldürməli” olduğunu bildirib və əlavə edib ki, onlar özlərini sadəcə “həmin anda təhlükə yaradanlarla” məhdudlaşdırmamalıdır.

"Onlar arasında yaşamağa layiq olmayan insanlar var. Onlar yaşamamalıdırlar. Onlar hətta adam da deyillər", - nazir qeyd edib.

Podkastın gedişində Braslavski nazirdən fələstinliləri şəxsən edam etməyinə icazə verməyi xahiş edib. Ben-Qvir də cavabında deyib ki, bunun reallaşması üçün "dünyanın altını üstünə çevirəcək".

Ben-Qvir tez-tez fələstinlilərə qarşı çıxışları ilə gündəmə gəlir və bəzən baş nazir Benyamin Netanyahu tərəfindən də tənqid olunur.

2023-cü ilin oktyabrında başlayan və iki il davam edən müharibə zamanı İsrail Qəzzada 70 mindən çox insanın ölümünə səbəb olub. Onların 20 mindən çoxu uşaqlardır.

2025-ci ilin sentyabrında atəşkəs qüvvəyə minəndən bəri də İsrailin hava zərbələri Qəzzada azı 1250 nəfərin ölümünə səbəb olub.