Yeni Zelandiyada "Azad Fələstin Partiyası" yaradılıb

Yeni partiya qarşıdan gələn seçkilərdə Fələstin məsələsini ölkənin gündəliyində əsas mövzuya çevirməyi hədəfləyir.

Yeni Zelandiyada qarşıdan gələn seçkilərdən əvvəl diqqətəlayiq bir siyasi formasiya yaranıb. "Azad Fələstin Partiyası" (Aotearoa) adlı yeni partiya Fələstin məsələsini siyasi proqramının mərkəzinə qoyub.

Partiya lideri Pol Hopkinson bildirib ki, Fələstin məsələsi bu gün dünyanın üzləşdiyi ən vacib mənəvi, siyasi və iqtisadi məsələdir. Hopkinson bildirib ki, sadəcə etirazların təşkili kifayət deyil; siyasi arenada da mübarizə aparılmalıdır.

Partiyanın rəsmi adının "Azad Fələstin" olduğunu bildirən Hopkinson əsas şüarlarının "Çaydan dənizə Azad Fələstin" olduğunu açıqlayıb.

O, bu şüardan geri çəkilməyəcəklərini bildirib və əlavə edib ki, bu, ədalətli həll yolu üçün bir vizyondur.

Hələ də rəsmi qeydiyyat prosesində olan partiyanın qanuni üzvlük tələblərini tez bir zamanda keçdiyi və lazımi müraciətləri tamamladığı bildirilib.

Partiyanın proqramına Fələstinlilərin geri qayıtmaq hüququ, beynəlxalq hüququn aliliyi, insan hüquqları, müstəqil xarici siyasət və Fələstin məsələsində daha aktiv mövqe kimi mövzular daxildir.

Hopson Yeni Zelandiya hökumətinin Fələstin məsələsinə yanaşmasını tənqid edərək, ölkənin İsrailə qarşı daha aydın addımlar atmalı olduğunu söyləyib.

Yeni partiya qarşıdan gələn seçkilərdə Fələstin məsələsini milli gündəmin əsas mövzusuna çevirməyi hədəfləyir.