“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər.

Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar.

Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur.

“Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir.

Əməkdaşlar əsas problemlərdən biri kimi məzuniyyət məsələsini də göstərirlər. Onların sözlərinə görə, bəzi işçilər təxminən iki ilə yaxındır məzuniyyətə buraxılmır. Müraciətçilərinə sözlərinə görə, rəhbərlik bunu maliyyə çatışmazlığı ilə izah edir.

Müraciətdə əlavə ödəniş və qonorarların bölüşdürülməsi ilə bağlı da narazılıq ifadə olunub:

“Əlavə ödənişlər və qonorarlar dost-tanışlara verilir, daha sonra bu pullar rəhbərliklə bölüşdürülür. Bəzi şəxslərə yüksək məbləğdə əlavə ödənişlər yazıldığı halda, digərlərinə bu imkan yaradılmır. Qonororlar üçün büdcədən əlavə pullar ayrılır. Bunun nəticəsidir ki, maaşlar kəsilir, işçilər məzuniyyətə buraxılmır”, - müraciətdə qeyd edilir.

Əməkdaşlar televiziya rəhbərliyinin fəaliyyətini də tənqid ediblər. Onların iddiasına görə, rəhbərlik kollektivlə ünsiyyətdə aqressiv davranır, fərqli fikirlərə dözümsüz yanaşır və işçilərin narazılıqlarına adekvat münasibət göstərmir.

Əməkdaşların sözlərinə görə, mövcud vəziyyət səbəbindən bir sıra operator və jurnalistlər işdən ayrılmağa hazırlaşır. Onlar uzun illər televiziya sahəsində fəaliyyət göstərmiş peşəkar kadrların kollektivdən uzaqlaşmasını narahatedici hal kimi qiymətləndirirlər.

“İndiyə kimi ən yüksək orqanlara etdiyimiz şikayətlərin heç bir nəticəsi olmayıb. Bu səbəbdən də yaxın günlərdə Ali Məclisin qarşısında kütləvi etiraz aksiyası keçirməyi planlaşdırırıq”, - müraciətdə bildirilir.

Naxçıvan Dövlət Televiziyasının rəhbərliyinin səsləndirilən iddialarla bağlı mövqeyini öyrənmək mümkün olmayıb.