Zabil Qəhrəmanov barəsində ibtidai istintaq yekunlaşıb

Həbsdə olan vəkil Zabil Qəhrəmanov barəsində yeddi aydan artıq davam edən ibtidai istintaq yekunlaşıb. İstintaqın sonunda ona dörd maddə üzrə yekun ittiham elan edilib.
“Azadlıq Radiosu”nun məlumatına görə, Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə), eləcə də 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq – qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla və təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
Cinayət işi əvvəlcə Gəncə Şəhər Baş Polis İdarəsində araşdırılsa da, sonradan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin icraatına verilib. Bu səbəbdən Zabil Qəhrəmanov da Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.
Hazırda təqsirləndirilən şəxs və müdafiə tərəfi cinayət işinin materialları ilə tanış olur. Bu prosedur başa çatdıqdan sonra ittiham aktının təsdiqlənərək işin baxılması üçün məhkəməyə göndərilməsi gözlənilir.
Zabil Qəhrəmanovun həbs qətimkan tədbirinin müddəti sonuncu dəfə iyulun 23-dək uzadılıb.
Vəkili 2025-ci il oktyabrın 23-də Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları saxlayıb.
Zabil Qəhrəmanov ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, cinayət təqibinin sifarişli xarakter daşıdığını, iş üzrə adı keçən şəxslərin isə ona qarşı istifadə edildiyini bildirir.
Qəhrəmanov Azərbaycanda bir sıra rezonanslı cinayət işləri üzrə müdafiəçi kimi tanınır. O, Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı işdə təqsirləndirilən İlkin Süleymanovun, həmçinin vaxtilə qətl ittihamı ilə məhkum edilən, sonradan isə bəraət alan Polad İsmayılovun vəkili olub. Bundan başqa, o, “Tərtər hadisələri” üzrə bir neçə zərərçəkmişin və müxtəlif ictimai-siyasi fəalların müdafiəsini həyata keçirib.