Dünya şöhrətli qari Tbilisidə Quran tədbirinə qatıldı

Tbilisidə Qurani-Kərim müsabiqəsinin və Quran dərslərinin yekun mərasimi keçirilib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsi və İmam Rza (ə) Təhsil Mərkəzinin təşkilatçılığı ilə mədrəsələr arasında keçirilən daxili Qurani-Kərim müsabiqəsinin və Quran dərslərinin yekun mərasimi baş tutub.

Tbilisi şəhərində yerləşən “Xurcun” restoranında təşkil olunan tədbirdə daxili müsabiqənin final mərhələsi uğurla yekunlaşıb.

Mərasimdə açılış və geniş nitqlərlə ilk olaraq yerli din xadimləri çıxış ediblər. Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev tədbirin əhəmiyyətini vurğulayaraq, Gürcüstanda Quran dərslərinə, dini maarifləndirmə və təhsil işlərinə verilən diqqətin önəmindən bəhs edib. Həmçinin İmam Rza Təhsil Mərkəzinin rəhbəri Əziz Nəbiyev də çıxış edərək gənclərin Quran təhsilinə yönəlməsinin cəmiyyət üçün faydalarını qeyd edib.

Tədbirə qatılan Tbilisi Əhlibeyt məscidinin axundu Hacı Rahid Kərimov, ilahiyyatçı Hacı Vidadi Qurbanov, ilahiyyatçı Hacı Niyazi Əmirxanov və digər yerli ilahiyyatçılar da öz fikirlərini bölüşərək tələbələrə uğurlar arzulayıblar.

Məclisdə rəsmi qonaqlar, müəllimlər və mədrəsələrin tələbələri ilə yanaşı, beynəlxalq nümayəndələr də iştirak ediblər. Qonaqlar arasında Beynəlxalq Əl-Mustafa Universitetinin Gürcüstandakı nümayəndəsi Abbas Yusifnejad və İran İslam Respublikasının Gürcüstandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Mehdi Səadətnejad yer alıblar.

Tədbirdə qonaq qismində iştirak edən beynəlxalq Quran yarışı qalibi, iranlı qari Ustad Yunis Şahmuradi də öz gözəl tilavəti ilə məclisə mənəvi rəng qatıb.

Tədbirin yekununda daxili müsabiqədə və Quran dərslərində yüksək nəticə göstərərək yer tutan tələbələrə mükafatlar və dəyərli hədiyyələr təqdim olunub.