Ill Şionun demoqrafiya sözləri Gürcüstan azərbaycanlıları arasında narahatlıq yaradıb

17 may tarixində Gürcüstanın Katolikos-Patriarxı III Şio Tbilisidə “Ailə müqəddəsliyi günü” münasibətilə keçirilən yürüşün sonunda, Müqəddəs Üçlük Kafedral Kilsəsinin qarşısında etdiyi moizədə deyib ki, ölkədə demoqrafik vəziyyət yaxşılaşmasa, digər xalqların say baxımından gürcüləri üstələməsi təhlükəsi realdır.

Bu açıqlama Gürcüstanın azərbaycanlı icmasında ciddi rezonans və narahatlıq doğurub.

Siyasi fəal Nərgiz Əliyevanın sözlərinə görə, hakimiyyət tərəfindən azərbaycanlılara uzun müddətdir ikinci dərəcəli vətəndaş kimi yanaşılır və patriarx sadəcə illərdir gizli aparılan siyasəti açıq şəkildə dilə gətirib.

İctimai fəal Ceyhun Muhamadali isə qeyd edib ki, əgər dövlət ölkədəki iqtisadi problemləri həll etsə, əksər gürcü ailələri bir və ya iki uşaqla kifayətlənməzdi. O əlavə edib ki, patriarxın çıxışını tədbirdə iştirak edən çoxsaylı müsəlmanlar da dinləyib.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov isə əhalinin artımının təmin olunması üçün ölkədə iqtisadi problemlərin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Marneuli Bələdiyyə Məclisinin “Lelo” partiyasından olan deputatı Aqil Mustafayev sosial şəbəkədə vurğulayıb ki, Gürcüstanın gücü tarix boyu müxtəlif millətlərin və dinlərin qarşılıqlı hörmət və qardaşlıq şəraitində birgə yaşamasında olub və bu cür çıxışlar cəmiyyətdə qarışıqlıq yaradır.

Siyasi fəal Əhməd İmamquliyev isə məsələyə fərqli yanaşıb. O, sosial şəbəkədə yazıb ki, patriarx III Şionun səsləndirdiyi fikirləri diqqətlə dinlədim və orada azərbaycanlılara qarşı heç bir neqativ fikir eşitmədim. 

Hüquqmüdafiəçisi Samirə Bayramova da məsələyə özünün sosial şəbəkə hesabında münasibət bildirib və qeyd edib ki, "Bizim ölkədə insanların bir-birini mənşəyinə görə bölməsi çox ağrılıdır. Gürcüstanda istər azərbaycanlı olsun, istər erməni, istər kist və ya digər etnik qrupun nümayəndəsi — hamı bir ölkənin övladıdır, hamı Gürcüstan vətəndaşıdır".