Azərbaycan XİN sözçüsü Mamdaniyə: "İctimai fiqurlar məsuliyyətli davranmalıdır"

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Nyu-York meri Zöhran Mamdaninin Azərbaycan və Qarabağla bağlı açıqlamasını tənqid edib. 

Mamdani aprelin 24-də "X" səhifəsindəki paylaşımında 1915-1917-ci illərdə Osmanlı ərazisində ermənilərin qətliamı hadisələrini "soyqırımı" adlandırıb. O, eyni paylaşımda Azərbaycan və Türkiyə ordularının 2020-ci ildə Qarabağda erməni əhaliyə hücum etdiyini, 2023-cü ildə isə Azərbaycanın 100 mindən çox ermənini bölgədən sürgün etdiyini yazıb. 

A.Hacızadə Mamdaninin postunu yenidən paylaşaraq onun bəyanatını "təxribat xarakterli" adlandırıb. 

"İctimai fiqurlar məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər... Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın olmamasını göstərir və faktları siyasi narrativlər naminə təhrif edir", - o qeyd edib. 

O, Nyu-York merini paylaşımını silməyə çağırıb. 

Azərbaycanın 2023-cü ilin sentyabrında apardığı birgünlük hərbi əməliyyatdan sonra Qarabağda yaşayan on minlərlə erməni əhali Ermənistana köçüb. Bundan sonra Azərbaycan bölgədə otuz ildən sonra ilk dəfə nəzarəti bərpa edib. 

Erməni diasporunun liderləri, eləcə də bəzi xarici siyasətçilər həmin köçü etnik təmizləmə adlandırsa da, Azərbaycan rəsmiləri erməni əhalinin öz seçimləri ilə Qarabağı tərk etdiyini deyir.